• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1108
— 28.09.2022 17:50

Prezident və Birinci xanım Şuşada yeni inşa olunan obyektlərdə işlərin gedişi ilə tanış olublar

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib. Bildirilib ki, tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 binadan ibarət olacaq. Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə də tanış olublar. Ümumi ərazisi 3 hektardan artıq olacaq hotel və konfrans mərkəzinin inşaat işlərinə bu ilin aprelində başlanılıb. Mərkəz ümumilikdə 154 otaqdan ibarət olacaq. Burada 400 nəfərlik konfrans zalı, görüş otaqları, restoranlar, mağazalar, yeraltı və yerüstü avtodayanacaqlar və digər zəruri infrastruktur yaradılacaq. Dövlət başçısı və birinci xanım Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə maraqlanıblar. 1970-ci illərdə inşa edilən binada bərpa və yenidənqurma işlərinə 2021-ci ilin iyununda başlanılıb. Binada ümumilikdə 41 iş otağı var.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanış olublar. Malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Heydər Əliyev Fondu Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlayıb.Bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. Təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyasının qurulması nəzərdə tutulur. Təmir-bərpa işlərinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olublar. Dövlət başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verilib.