• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1267
— 27.09.2022 20:11

Vətən oğullarının xatirəsi iftixarla yad edilir

KepezTV Player

Azərbaycan şəhidlərini anır. Vətən müharibəsinin başlanmasının 2-ci ildönümündə Gəncədə şəhər sakinləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər  and yeri olan Şəhidlər Xiyabanına axın edib. İftixar və qürur hissini borclu olduğumuz vətən övladlarının məzarları ziyarət olunur, ruhlarına dualar oxunur.

2 il əvvəl torpaqlarımız işğaldan azad olundu. Sentyabrın 27-dən başalayaraq 44 gün ərzində igid oğullarımız ərazi bütövlüyümüz uğrunda canlarını qurban verdilər. Öz qanları ilə Azərbaycan tarixinin zəfər səlnaməsində silinməz iz qoydular. Bu gün isə hər kəs onları anmaq üçün Şəhidlər xiyabnındadır.

Anım günündə şəhidlər xiyabanına gələn insanların ardı arası kəsilmirdi. Xalq öz qəhrəmanlarına olan mənəvi borcunu ödəmək üçün səhər saatlarından etibarən şəhidlərimizin məzarlarını ziyarət edirdi.  Böyükdən kiçiyə hər kəs xiyabanda uyuyan 1-ci və 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanların qəbrləri önünə, eləcə də Əbədi Məşəl kompleksinin qarşısına tər çiçəklər düzdülər. Azərbaycan xalqı, övladının məzarı başında məğrur dayanan ana və ataları, atasının məzarı üzərinə çiçəklər  düzən uşaqları heç vaxt tək buraxmır. Çünki onların ataları bizə Vətən adlı bəxşiş qoyub. O Vətən ki onun yolunda minlərlə can qurban oldu. O canların ruhları Azərbaycan səmasında, sevgiləri isə azərbaycanlıların qəlbində tarix durduqca duracaq !!!

Qəhrəman şəhər olan Gəncə 1-ci Qarabağ müharibəsində 90-ı itkin olmaqla 500-ə yaxın şəhid verib. Vətən müharibəsində isə 96-sı hərbi, 26-sı mülki olmaqla 122 sakininə qoynunda əbədi qucaq açıb.<br>Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban verən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi elan edilən sükutla da xatırlanıb. Ərazi bütövlüyümüz uğrunda mübarizənin qəhrəmanları, Qələbəmiz üçün canını fəda edənlərin xatirəsi Gəncənin avtomobil yollarında bütün nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması, siqnallar səsləndirilməsilə anılıb.

Gəncədə anım tədbirləri çərçivəsində Ermənistanın raket zərbəsinə tuş gələn ərazilər də ziyarət edilib. Düşmənin Vətən müharinbəsində bir neçə dəfə hədəf aldığı şəhərin mülki sakinlərinin bu nankor hücumlar nəticəsində şəhid olduğu vurğulanıb. Dağıntılar baş verdiyi əraziyə tər çiçəklər düzülərək dünyasını dəyişənlərə Allahdan rəhmət dilənib. Eləcə də şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Gəncədə ağacəkmə aksiyası da baş tutub. Şəhərin qərb istiqamətdən girişində, Nizami məqbərəsinin ətrafında həmişəyaşıl Eldar şamı, küknar və şam ağacları əkilib.