• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2005
— 27.09.2022 20:05

Qələbəyə gedən yolda yazılan dastanların şahidləri...

KepezTV Player

Bayrağımızı enməyə qoymayan, dalğasında ruhu yatan minlərlə şəhid... Bu yurd, bu torpaq tarixin bütün dövrlərində Vətən üçün can verəcək cəsarətdə igidlər yetişdirib.  Dəyişən xronologiya olsa da, dəyişməyən Vətən sevgisidir. Həm də elə bir sevgi ki, aliliyi könülləri riqqətə gətirməyə bilmir. Könlümüzü dastana döndərən oğulların ruhlarına böyük ehtiramla hazırladığımız növbəti videoçarxı izləyəcəyik...

27 sentyabr 2020-ci il...İki il bundan öncə məhz bu gün səhərimizi açdığımız qərar idi az öncə səsləndirilən. Düşünən başlarımız yaxşı bilirdilər ki, atılan addım daha gözəl sabahlardan üzümüzə gün doğması üçündür. O gün başqa gün idi. Uşaqdan böyüyə hər kəsin könlündə təlatüm, simasında qisas taxt qurmuşdu. Tarix dəyişib, zaman keçəcək, təqvimdə hər ilin bu gününün mahiyyəti isə dəyişməyəcək. Bəlkə də, illər ötdükcə anlamı daha da artacaq. İstər siyasi, istər mənəvi, istərsə də hərbi... Amma bu dəfə o mahiyyətə anlam yükləyən nə siyasi, nə mənəvi, nə də hərbi tərəfdən danışacayıq. Şəhidlik tərəfindən və şəhidlər tərəfindən baxacayıq mövzuya. 3 minə yaxın igidin toplaşdığı zirvədən. Əslində isə o zirvədən baxmaq nə həddimizə, o zirvəyə baxa bilərik sadəcə. Baxanda da görərik ki, Polladdan böyük bir məbəd Mübariz və İlqarlı  igidlərlə dolub. Həə, bir də, hər birinin göz dolduran həyat hekayəsi var axı. Anasının gözünün ağı-qarası şəhid, nişan üzüyü barmağında, toy taxtına çatmayan şəhid, nə taxtı, nə baxtı olan şəhid, övladının dünyaya gəlişini bilib, amma dünyaya açılan gözlərinə həsrət şəhid, həyat yoldaşının saçlarını vaxtsız ağardan şəhid, dumanlı dağların başında durub, dumandan özünə xeymə quran şəhid və qələbəyə gedən yolda yazılan dastanlara ŞAHİD... Haqq yoluna çıxanda nakamlarını da, kamlarını da bilirdilər əslində. Amma məxsus olduqları xalqın ən böyük kamını gerçəkləşdirmək üçün mücadilə aparmaq eşqi, şəxsi istəklərini üstələdi. Bu gün milyonlar sizi anır, sizdən yazır... Ananlar da, yazanlar da tarixin aid olduqları bucağında qalacaqlar. Siz isə tarixin özü olaraq qalacaqsınız. 27 sentyabr, 4 oktyabr, 17 oktyabr, 20 oktyabr, 25 oktyabr, 8 noyabr və 10 noyabr...Cəmi iki il öncəyə qədər sadəcə təqvimin adi günü olan bu rəqəmlər, indi böyük bir tarixin özüdürlər. İndi o rəqəmlərin sinonimləri də var. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Laçın, Kəlbəcər... QARABAĞ... Bəli, illərdir Qarabağ deyə yanan bağrımıza da siz su səpdiniz, qanınızı o torpaqlara səpərək...Qanınız tökülən torpaqlarda baharlarda güllər açacaq... Musa ətirli, Əmrah ətirli, Babək ətirli, Bəhruz ətirli,  Həndi ətirli, Cəbrayıl ətirli və daha 3 minə yaxın fərqli ətirli...İndi şəhid anaları Qarabağın hər qarışını bala ətri ilə dolaşacaqlar. Qarabağın səmasında isə çiçəkli yaz çağında bir avaz ucalacaq. “Deyirlər bülbülə çəmən yaxşıdır, insançün laləzar vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır. Adı gəlcək könlüm dastana döndü...”