Gəncədə SSRİ-nin əməkdar məşqçisi İsax Cəfərovun xatirəsinə həsr olunan olunan sərbəst güləş üzrə böyüklər arasındakı turnir bərpa olunub. Ölkə güləşi üçün vacib yarışlar sırasında olan beynəlxalq xarakterli turnir əvvəlkilərdən fərqlənib.
Sovet dövründə güləş üzrə əməkdar məşqçi adını alan ilk çalışdırıcı olan İsax Cəfərovun adını daşıyan turnir pandemiya səbəbindən iki ilə yaxındır ki, keçirilmirdi. Yenidən təşkil edilən yarış uzun müddətdən sonra Bakıdan kənarda təşkil edilən ilk genişmiqyaslı güləş tədbiridir.
İsax Cəfərovun turniri Azərbaycan çempionatından sonra ölkədə keçirilən yeganə böyüklər arasında yarışdı. Ənənəvi xarakter alan yarış bu il 34-cü dəfə təşkil olunub.
Öncəki illərdə də turnir Gəncə Olimpiya İdman Kompleksində baş tutsa da, burada şərait ürəkaçan durumda deyildi. Ancaq cari yarış işıqlandırma sistemi yenilənən, döşəməsi dəyişdirilən, eyni zamanda kosmetik işlərin həyata keçirildiyi güləş zalında düzənlənib. Əvvəlki turnirlərə yerli idmançılarla yanaşı qonşu ölkələrin pəhləvanları da dəvət olunurdu. Ancaq beynəlxalq əhəmiyyətli olsa da bu dəfəki yarışda yalnız Azərbaycan güləşçiləri qüvvəsini sınayıb.
Turniri izləmək üçün təcrübəli mütəxəssislər, sərbəst güləş üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Cəbrayıl Həsənov, eyni zamanda Olimpiya çempionu Toğrul Əsgərov da Nizami yurduna təşrif buyurublar. Onlar turnir haqda fikirlərini də bölüşüblər.
İsax Cəfərovun turniri böyüklər arasında keçirilsə də, yeniyetmə və gənc güləşçilər də xalça üzərində qalib olmaq üçün bacarıqlarını ortaya qoyurlar. Gəncəli pəhləvanlar isə doğma şəhərdə təşkil edilən yarışda fəxri kürsünün ən yüksək pilləsində yer almağı qarşılarına hədəf qoyurlar.
Yarışda 150-yə yaxın güləşçi iştirak edib. 10 çəkidə qaliblərin müəyyənləşdiyi xatirə turnirinə demək olar ki, ölkənin əksər şəhər və rayonlarından olan sərbəst güləş üzrə Azərbaycan, Avropa və dünya çempionatlarının qalib və mükafatçıları qatılıblar.
- Baxış: 599