• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 22.09.2022 10:17

Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb

KepezTV Player

Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bayraq burada əbədi dalğalanacaq.  Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman belə deyib.

Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb. Ancaq yenə də bəzi yerlərdə qanunsuz məskunlaşma aparılıb deyən prezident İlham Əliyev bildirib ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular. Bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Ancaq sanki bununla razılaşırdılar. Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdi.

İlham Əliyev Azərbaycan Prezidenti: 26 avqust tarixində Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri də işğalçılardan azad edilmişdir. Yəni, bütün bu tarixi biz heç vaxt unutmamalıyıq. Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu.

İkinci Qarabağ müharibəsi olmaya da bilərdi, əgər Ermənistan bizim sözümüzə baxsaydı. Əgər öz xoşu ilə torpaqlarımızdan çıxsaydı, İkinci Qarabağ müharibəsi olmaya bilərdi. 2016-cı ilin Aprel döyüşləri bizim çox böyük qələbəmiz idi, mənəvi cəhətdən və strateji nöqteyi-nəzərdən. O döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər bizə əlavə imkanlar yaratdı, o cümlədən İkinci Qarabağ müharibəsində uğurlu yürüşümüzə də zəmin yaratdı.

Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz

Prezident sentyabrın 13-də ermənilərin törətdiyi növbəti təxribatdan da danışıb. Bildirib ki,  Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturdub. Biz müharibə istəmirik, istəmirdik. Məhz buna görə 30 ilə yaxın müddət ərzində danışıqlar aparırdıq. Məhz ona görə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik. Ancaq əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik - deyən prezident bildirib ki, bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar.

İlham Əliyev Azərbaycan Prezidenti: Kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir yolunu Zəngilana qədər çəkmişik. Avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar.Üstəlik, son aylar ərzində dəfələrlə bizə qarşı hərbi təxribatlar törədilirdi. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənmişdir və bu minalar 2021-ci ildə basdırılmışdır, yəni, müharibədən sonra. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq.Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz.Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz.

Murovdan Araz çayına qədər sərhəddə əlverişli mövqelərdəyik

Dövlət başçısı çıxışı zamani bildirib ki, sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək.

İlham Əliyev Azərbaycan Prezidenti:  Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq.İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər. Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz

Laçınlıların birinci qrupu Laçına gələn ilin sonuna qədər qayıda bilərlər

Laçına köçün müjdəsini verən prezident bildirib ki, yolların bərpasından,elektrik enerjisi ilə bağlı heç bir problem olmayacağndan bəhs edib.

İlham Əliyev Azərbaycan Prezidenti: iki ilə, maksimum iki il yarıma, - çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada quracaqlar, yaşayacaqlar. Eyni zamanda, Qubadlı-Laçın avtomobil yolunun inşası ilə bağlı göstəriş verilibdir. Biz Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə məşğuluq. Göstəriş vermişəm, Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək. Yəni, bu yol əsasdır.

Şəhərin vaxtilə - 1980-ci illərdə tərtib edilmiş Baş Planı vardır. Bu, indi təhlil edilir, əlavələr olunacaqdır və Laçın şəhərini biz bərpa edəcəyik. Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik.

Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!