• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1839
— 16.09.2022 12:10

Azərbaycan Prezidenti Pakistanın Baş naziri ilə görüşüb

KepezTV Player

Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşü olub. Görüşdə dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyib. Prezident İlham Əliyev Pakistanın Ermənistanın Azərbaycana qarşı otuzillik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biri olduğunu və bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Pakistanın Baş naziri Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısının alınması zamanı həlak olan şəhidlərimizlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib. Baş nazir Pakistanda baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən daşqınlar zamanı Prezident İlham Əliyevin göstərdiyi mənəvi, maddi və dostluq dəstəyinin yüksək qiymətləndirildiyini bildirib. "Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik", - deyə Pakistanın Baş naziri qeyd edib. Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib. Prezident İlham Əliyev dəvəti məmnuniyyətlə qəbul edərək, Pakistanın Baş nazirini ölkəmizə səfərə dəvət edib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir.