• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2103
— 03.09.2022 20:51

Dövlət başçısı Ermənistanla sülh sazişinin bir neçə ay ərzində imzalanacağına ümid etdiyini bildirib)

"Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu". Bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole venti kuatro Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində Brüssel görüşündən danışarkən deyib. Dövlət başçısı sülh sazişinin yaxın bir neçə ay ərzində imzalanacağına ümid etdiyini bidlirib.

İlham Əliyev - Azərbaycan Prezidenti: Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi. Əlbəttə, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Zaman çərçivəsi və məzmun nədən ibarət olacaq. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib.

Prezident bildirib ki, ölkənin regional inkişafla bağlı narahatlıq yaradan məqamı yoxdur. Prezident İlham Əliyev regional əməkdaşlıqdan da danışıb. Jurnalistin Azərbaycan qazla bağlı Avropaya daha da yaxınlaşır. Bununla bağlı Rusiya tərəfdən hərbi deyil, kommersiya və diplomatik sahələrdə hər hansı təzyiqlə üzləşirsinizmi? sualına belə cavab verib.

İlham Əliyev - Azərbaycan Prezidenti: Bu çətin vəziyyətdə biz nə Rusiyadan, nə də İrandan mövqeyimizlə bağlı hər hansı mesaj almamışıq. Bizim mövqeyimiz çox sadədir. Biz hər bir dövlətin ərazi bütövlüyünü daim dəstəkləyirik və bu, fundamental mövqedir. Bəli, bu, bizim öz problemimizə əsaslanırdı. Çünki bizim ərazi bütövlüyümüz pozulmuşdu və biz indi ərazi bütövlüyümüzü bərpa etdikdən sonra da bu mövqedəyik. Çünki ölkənin ərazi bütövlüyü zor tətbiq edilərək pozula bilməz, bu, beynəlxalq hüququn pozulmasıdır. Bu mövqe kiminsə xoşuna gələ bilər, kiminsə yox, ancaq onlar bunu nəzərə almalıdırlar. Qısa olaraq demək istəyirəm ki, bizim regional inkişafla bağlı narahatçılıq yaradan heç bir məqamımız yoxdur.

"Hökumət Azərbaycanın regional nəqliyyat mərkəzinə çevrilməsi üçün çalışır". Dövlət başçısı Azərbaycanın regional nəqliyyat mərkəzinə çevrilməsindən də bəhs edib. Qeyd edib ki, ölkəmiz uzun illərdir, bunun üzərində çalışır.

İlham Əliyev - Azərbaycan Prezidenti:  "Biz Bakıda gəmiqayırma zavodu inşa etmişik. Biz Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmilər inşa edə bilirik. Biz dəmir və avtomobil yolları tikmişik. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə ixrac artmaqdadır və zənnimcə, artım 20 faiz səviyyəsindədir. Bütün bu işlər Rusiya-Ukrayna müharibəsindən əvvəl görülüb. Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir. Biz isə yaxşı tariflər təklif edir və bütün zəruri logistika dəstəyi təmin edirik. Yəni, açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir - təkcə Şərqdən Cənuba və geriyə deyil, həmçinin Şimaldan Cənuba. Cənub-Şimal nəqliyyat dəhlizi Azərbaycandan keçir və başqa marşrut variantı yoxdur.

Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə İtalya şirkətlərinin gördüyü işlərə də toxunub. Bildirib ki, İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib.