Xəbər verdiyimiz kimi Estoniyanın paytaxtı Tallində taekvondo üzrə klublararası Avropa birinciliyində Azərbaycan idmançıları uğurla iştirak edərək medallar qazanıblar. Nailiyyət əldə edən taekvondoçular arasında Gədəbəy idmançısı da olub.
Yeniyetmələr arasında çıxış edən Gədəbəy İdman Klubunun üzvü Suleyman Həsənov 44 kq çəki dərəcəsində gücünü sınayıb. Yarışın ilk günü dayanq üzərinə çıxan Həsənov inamlı çıxışı ilə fərqlənib. O, bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məşqçi Beyrək Bağırovun yetirməsinin imza atdığı uğur Gədəbəylilərə böyük sevinc hissləri bəxş edib. Vətənə medalla dönən taekvondoçu və onun məşqçisi rayonda böyük coşğu ilə qarşılanıb. Gədəbəyin idman ictimaiyyətinin nümayəndələri çıxışlarında Süleyman Həsənovun nailiyyətini yüksək qiymətləndiriblər. Olimpiya idman növü olan taekvondonun son illərdə rayonda böyük inkişaf yolu keçdiyi, yerli uşaq və yeniyetmələr arasında bu idman növünün olduqca populyar olduğu qeyd edilib.
Estoniyada qazanılan medal Süleyman Həsənovun ilk belə uğuru deyil. O, hələ 3 il öncə Almaniyada keçirilən Avropa birinciliyində bürünc medala layiq görülməklə rayon idmanı üçün tarixi nailiyyətə imza atıb. 2017-ci ildə yaradılan Gədəbəy İdman Klubunda müxtəlif yaş qruplarından olan həvəskarlar taekvondo ilə məşğul olurlar. Klubun üzvləri hər il bir çox respublika və beynəlxalq əhəmiyyətli yarışlarda uğurla iştirak edərək medal və kuboklar qazanırlar.
- Baxış: 480