• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 24.08.2022 19:38

Yeni salınan qəsəbələrə qaz xətti çəkilir

KepezTV Player

Gəncədə uzun illərdi ki, mavi yanacağın olmamasından əziyyət çəkən yeni salınan qəsəbə sakinlərinin qarşılaşdıqları bu problemlərin həllinə başlanılıb. Belə ki, artıq qəsəbələrə yeni qaz xətləri çəkilir. Mərhələli şəkildə davam edən bu prosesin bütün yeni salınan qəsəbələri əhatə etməsi nəzərdə tutulur.

Hazırda qazlaşdırma işləri şəhərin ən böyük qəsəbələrindən biri olan Məhsəti qəsəbəsində aparılır. Burada 100-ə yaxın ailənin yaşadığı 13-cü küçə adlanan ərazidə qaz xəttinin çəkilişi davam edir. İyul ayından başlanan işlər çərçivəsində küçəyə təxminən 500 metr uzunluğunda  76 mm-lik diametri olan xətt çəkilib, qaz tənzimləyici şkaflar, eləcə də siyirtmələr qoyulub. Görülən bu işlər uzun illərdi mavi yanacağın olmamasından əziyyət çəkən qəsəbə sakinlərinin ürəyincədir.

Bundan əvvəl Gəncə Regional Qaz İstismar İdarəsinin Gəncə Xidmət Sahəsi işçiləri Məhsəti qəsəbəsinin 17-ci küçəsində də 1700 metrlik qaz xətti çəkib.  150-ə yaxın ailənin yaşadığı bu küçənin sakinləri soyuq qış aylarında mavi yanacaq bağlı problem yaşamayacaqlar. Səlahiyyətlillər qazın təzyiqində də hər hansı bir çətinliyin olmayacağını bildiriblər. Hazırda qaz xətti çəkilən ərazidə işlər yekunlaşdıqdan sonra digər ərazilərdə də xətlərin çəkilməsinə başlanılacaq.

Gəncədə ümumilikdə 86 min 500 abonent var ki,  onlardan da 47 min 500 abonent mexaniki, 39 min abonent isə smartkart sayğaclarından istifadə edir.  Gün ərzində şəhərə 145 min kub metr mavi yanacaq verilir.

 

Elnur Vahidoğlu