• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 700
— 15.08.2022 13:41

Xiaomi insana bənzər CyberOne adlı robotu təqdim edib

 Xiaomi şirkəti insana bənzər CyberOne adlı robotu təqdim edib. Sözügedən robot həm proqram təminatı həm də konstruksiya baxımından keçən ilki CyberDog layihəsinin növbəti inkişaf mərhələsidir. CyberOne adlı robot iki ayağı vasitəsilə hərəkət edən zaman tarazlığını qoruya bilir. Onun intellektual bacarıqları isə insanların emosiyalarını təyin etməyə və üçölçülü xəritələr tərtib etməyə imkan verir. CyberOne robotunun boyu 177 sm, çəkisi isə 52 kq-dır. Bu robot keçən ilki CyberDog-dan fərqli olaraq daha təkmilləşdirilmiş modeldir. Belə ki, təqdim edilmiş yeni robot daha güclü mühərriklərə sahibdir, onun konstruksiyası daha müstəqil hərəkət edə bilir, alqoritmləri isə daha qəlizdir.

 Xiaomi-nin verdiyi məlumata əsasən bu robot insan hərəkətlərini tamamilə imitasiya edə bilir. Robotun ortalama hərəkət sürəti saatda 3.6 km təşkil edir. Robotun bədəninin müxtəlif hissələrinin performans göstəriciləri hər bir mühərrikin imkanlarından asılıdır. Məsələn robotun bədəninin yuxarı hissələrində 500 qram çəkili mühərriklər yerləşdirilib. Onlar ümumilikdə 30 Nm (Nyuton metr) fırlanma anını təmin edirlər. Robotun bədəninin aşağı hissələrində isə ümumi olaraq 300 Nm fırlanma anını təmin edən mühərriklər quraşdırılıb. CyberOne bir əli ilə 1.5 kq-a kimi olan yükü daşıya bilir. Robot ətraf mühitdə hərəkətdə olarkən onun sistemində olan süni zəka alqoritmləri Mi Sense texnologiyasından istifadə edərək real zaman ərzində ətraf mühitin 3D xəritəsini yaradırlar.

    Bundan əlavə olaraq Mi Sense texnologiyası insanları, jestləri və ifadələri də təyin edə bilir. CyberOne insanların səs emosiyalarının və ətraf mühit səslərinin təyini sistemləri ilə təchiz olunub. Birinci sistem 45 növ insan emosiyasını, ikinci sistem isə 85 növ ətraf mühit səsini tanıya bilir. Sözügedən robot insanın nə zaman sevincli və ya kədərli olduğunu anlaya bilir. Öz emosiyalarını isə CyberOne üz hissəsində yerləşən OLED ekran vasitəsilə əks etdirir. Həmin OLED ekran məhz robotun üzünü əvəz edir. CyberOne layihəsi ilk növbədə Xiaomi üçün tədqiqat xarakteri daşıyır və təqdim edilmiş robotun satışa çıxarılması planlaşdırılmır. O, real smart robot səviyyəsindən hələ çox uzaqdır. Xiaomi isə öz növbəsində bu sahədə inkişaf etməyi hədəfləyib.