• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 10.08.2022 20:35

Tovuz futbolu 9 ildən sonra Premyer Liqada təmsil olunur

KepezTV Player

Ölkə futbolunda uzun fasilədən sonra Tovuz yenidən premyer liqada təmsil olunur. “Turan Tovuz” adıyla rayonu təmsil edən komandanın 9 illik fasilənin ardından elitaya dönməsi futbolsevərləri çox sevindirib. Premyer liqa həsrətində olan fanatlar qərb kollektivinin 31-ci Azərbaycan çempionatının ilk turunda Qəbələ ilə ev oyununda rekord da qırıblar. Orxan Cəfərzadə Tovuz səfərindən bu barədə reportaj hazırlayıb.

Tovuz komandası sonuncu dəfə 2012-2013-cü illər mövsümündə premyer liqada çıxış edib. Yenidən elitaya qayıdan boz qurdlar əvvəlki kimi ölkə futboluna rəng qatmaq arzusundadılar və görünən odur ki, bunu da reallaşdırırlar. Təbii ki, oyunlara maraq gətirən, rəngarənglik qatan 12 oyunçu sayılan azarkeşlərdir. Uzun həsrətdən sonra sevimli komandalarına dəstək vermək üçün stadiona axışan fanatlar “Turan Tovuz”un premyer liqada mübarizə aparmasına sevinmələrini böyük həyəcan hissi ilə ifadə ediblər.

Tovuz klubunun premyer liqada uğur qazanması, əvvəlki əzəmətinə qayıtması üçün çalışan baş məşqçi və futbolçular da azarkeşlər kimi eyni hisləri bölüşüblər.

“Turan Tovuz”un premyer liqada iştirakı ilə əlaqədar bir sıra layihələr də həyata keçirilir. Futbolun İnkişaf Fondu tərəfindən başladılan bu işlər kluba dəstək xarakterlidir.

“Turan Tovuz”un Premyer Liqanın 1-ci turunda Qəbələ ilə qarşılaşmasını  5500 tamaşaçı izləyib ki, bu da Azərbaycan çempionatında 3 il aradan sonra 1 oyunda qeyd alınan ən çox azarkeş sayıdır. Sonuncu dəfə 2019-20 mövsümündə “Qarabağ”la “Neftçi” arasında qarşılaşmaya 7000 seyrçi baxıb. Bu görüşdən 1058 gün sonra isə Premyer Liqada “Turan Tovuz” – Qəbələ oyununda tamaşaçı sayı ilk dəfə 5 mini keçib.