Avqustun 9-u saat 18 radələrində Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin dam örtüyündə yanğın hadisəsi baş verib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Qeyd olunub ki, dərhal yanğının baş verdiyi yerə Fövqaladə Hallar Nazirliyinin Yevlax, Bərdə, Mingəçevir yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilərək yanğın söndürülüb, binada olan 300-dən çox sakin təxliyyə edilib. Hadisə zamanı binada yaşayan sakinlərdən xəstəxanaya müraciət edən olmayıb. Yanğının söndürülməsi ilə bağlı tədbirlərə cəlb edilmiş Yevlax Yanğından Mühafizə Hissəsinin iki əməkdaşı və Yevlax Rayon Polis Şöbəsinin iki əməkdaşı yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edib, onlara tibbi yardım göstərilib, hazırda vəziyyətləri normaldır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin binanın beşinci mərtəbəsində yaşayan 1977-ci il təvəllüdlü Murad Əliyevin məişət zəminində baş vermiş mübahisə nəticəsində yaşadığı mənzildə qəsdən törətdiyi yanğın daha sonra çoxmənzilli yataqxana binasının dam örtüyünə yayılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Murad Əliyev şübhəli şəxs qismində saxlanılıb.
- Baxış: 609