• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 15.06.2022 12:11

Google şirkət daxilində yaradılmış süni zəkanın şüura sahib olduğunu iddia edir

Google rəhbərliyi LaMDA adlı süni zəka sistemi ilə çalışmış mühəndis Blake Lemoine-nu ödənişli məzuniyyətə göndərmək məcburiyyətində qalıb. Belə ki, mühəndisin sözlərinə əsasən LaMDA adlı süni zəka sistemində şüurun yaranmasına dair izlər aşkar edilib. Google isə öz növbəsində qeyd edib ki, sözügedən süni zəka sistemi şüurlu deyil. LaMDA (Language Model for Dialogue Applications) adlı sistem Google tərəfindən dil modeli kimi yaradılıb və o, insan ilə ünsiyyət üçün nəzərdə tutulub. Faktiki olaraq söhbət, çatbotdan gedir. Sözügedən sistem öz leksikonunu internet vasitəsilə təkmilləşdirir və təbii insan nitqini imitasiya edir. Blake Lemoine-nun öhdəliklərinə isə LaMDA sisteminin leksikonuna nəzarət daxil idi. Belə ki, bu sistem diskriminasiyalı, kobud və nifrət xarakterli bəyanatlar verməməlidir.
Lakin sözügedən süni zəka sistemi ilə din mövzusunda söhbət aparan zaman 41 yaşlı mühəndis aşkar edib ki, çatbot öz hüquqları və şəxsiyyəti barəsində bəyanatlar verib. Dialoq zamanı sistem o dərəcədə inandırıcı görünüb ki, mühəndis Ayzek Azimov-un robototexnika barəsində 3-cü qanunu barəsində fikirlərini dəyişib. “Əgər mən bunun bizim tərəfdən yaradılmış kompüter proqramı olduğunu bilməsəydim, düşünərdim ki, bu, hansısa üsul ilə fizikanı bilən 7-8 yaşlı uşaqdır” - deyə Blake Lemoine Washington Post jurnalistlərinə qeyd edib. Blake Lemoine öz şöbəsinin rəhbərliyinə müraciət edib. Lakin Google şirkətinin vitse-prezidenti Blaise Aguera və məsul innovasiyalar şöbəsinin rəhbəri Jen Gennai mühəndisin şübhələrini analiz edəndən sonra onları təkzib ediblər. Blake Lemoine isə öz növbəsində bunu ictimaiyyətə bildirməyə qərar verib.
Google şirkətinin rəsmi təmsilçisi Brian Gabriel öz bəyanatında bunları deyib: “Etika və texnologiyalar üzrə olan mütəxəssislər də daxil olmaqla bizim komandamız cənab Blake-in şübhələrini bizim “Süni zəka prinsipləri” əsasında analiz ediblər. Müşahidələrin sonunda cənab Blake-ə bildirilib ki, onun sözləri bu və ya digər sübutlar vasitəsilə təsdiqlənmirlər. Ona bildirilib ki, LaMDA sisteminin şüurlu olması barəsində sübutlar mövcud deyil və hətta bu sistemin şüurlu olmadığı barəsində çoxlu sübutlar mövcuddur”. Bununla belə şirkət bu məsələ ilə bağlı tam aydın arqumentlər səsləndirməyib. Blake Lemoine-a gəldikdə isə o, LaMDA layihəsindən tamamilə kənarlaşdırılıb və onun şirkət daxili Google hesabı bloklanıb.