Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında son illər idman sahəsində böyük layihələr həyata keçirilir. Xüsusilə də futbolun inkişafı qarşıya qoyulan prioritet məsələlərdəndir. Bu yöndə həyata keçirilən işlər çərçivəsində 1 il öncə Uzunoba Təlim-Məşq İdman Kompleksi inşa olunub ki, sözügedən idman qurğusu uşaq futbolunun inkişafına töhfə verəcək.
Uzunoba Təlim-Məşq İdman Kompleksi “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” çərçivəsində tikilib. Kompleks Naxçıvan şəhərinə yaxın ərazidə Babək rayon Uzunoba kəndində inşa edilib. Təlim-Məşq bazasında uşaq futbolu üçün lazımi infrastruktur yaradılıb.
Naxçıvan Muxtar Respublikasının idman sahəsində, xüsusilə futbolda maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülür. Uzunoba Təlim-Məşq İdman Kompleksi də bu sıradadır. Burada açıq meydançalarla yanaşı, qapalı meydança, həmçinin çimərlik futbolu üçün də meydança nəzərdə tutulub ki, bu da idmançıların ilin müxtəlif fəsillərdə hazırlaşmalarına, təlim-məşq toplanışları keçmələrinə imkan yaradır.
Təlim-məşq idman kompleksi ümumi olaraq 10 min 300 kvadratmetr sahəni əhatə edir. Qurğunun ərazisinə inzibati bina, süni örtüklü böyük futbol stadionu, üstüörtülü mini-futbol meydançaları, ikitribunalı çimərlik futbolu stadionu daxildir. Böyük futbol stadionunda tamaşaçılar üçün tribuna qurulub. Ümumiyyətlə Uzunoba muxtar respublikada yaradılan ilk təlim-məşq kompleksidir.
Uzunoba Təlim-Məşq İdman Kompleksi əsasən uşaq futbolu üçün nəzərdə tutulsa da, gələn mövsümdən 1-ci divizionda çıxış edəcək “Araz-Naxçıvan” klubu da müəyyən vaxtlarda hazırlıqlarını burada keçə biləcək.
Uzunoba Təlim-Məşq İdman Kompleksindəki stadionlar FİFA VƏ UEFA standartlarına tam cavab verir və beynəlxalq yarışların keçirilməsi üçün uyğundur. Baza bu il 55 yaşını qeyd edən və qarşısına böyük hədəflər qoyan “Araz-Naxçıvan” klubu üçün ehtiyat qüvvə hazırlamaq baxımından mühüm rol oynayacaq.
- Baxış: 748