• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1044
— 01.06.2022 20:01

"Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaq"

KepezTV Player

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimidə iştirak edib. Dövlət başçısı bildirib ki, Xəzər Neft və Qaz Sərgisi qlobal enerji oyunçularının diqqətini ölkəmizə yönəldib. Bu gün Azərbaycan bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır.

"Enerjinin transformasiyasında təbii qazın getdikcə daha çox əhəmiyyət kəsb etməsi fonunda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi daha da artır. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır" deyən Prezident İlham Əliyev bildirib ki, bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür.

Prezident bildirib ki, Azərbaycan qazına olan tələbat kəskin artıb. Amma bizim potensial istehlakçılarımız başa düşməlidirlər ki, bir ilə böyük həcmdə qaz hasil etmək mümkün deyil, bunun üçün müqavilələr olmalı, danışıqlara başlanılmalı və sürətləndirilməlidir. Dövlət başçısının sözlərinə görə, istehsalı artırmaq və mövcud infrastrukturu genişləndirmək üçün ənənəvi tərəfdaşlar olan enerji şirkətləri ilə işləmək lazımdır.

Yeni əməkdaşlıq perspektivlərindən danışan dövlət başçısı deyib ki, bu gün Azərbaycan xarici investisiyalar üçün çox cəlbedicidir. "Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaq. Dünyada geosiyasi vəziyyət bir neçə ay əvvəl ilə müqayisədə tamamilə fərqlidir. Bizimlə çalışmaq istəyən istənilən ölkə və istənilən şirkətlə əməkdaşlığa hazırıq" deyə prezident vurğulayıb.