• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 23.05.2022 19:41

Region idmançıları üçün seminar keçirilib

KepezTV Player

Azərbaycanda Ciu-Citsu idman növünün inkişafı, daha da populyarlaşması üçün paytaxtla yanaşı, bölgələrdə də bir sıra işlər görülür. Bu istiqamətdə “İrəvan” İdman Klubunun dəvəti ilə Ciu-Citsu Federasiyasının nümayəndələri tərəfindən qərb zonasında seminar təşkil edilib.

Göygöl Olimpiya İdman Kompleksində reallaşan seminar 2 gün davam edib. Təlimlərə yerli idmançılarla ilə birlikdə Gəncə və Şəmkirdən olan yeniyetmə və gənclər də qatılıb. Seminara müxtəlif yaş qrupundan olan 100-ə yaxın iştirakçı cəlb edilib.

Azərbaycan Ciu-Citsu Federasiyasının mütəxəssisləri idmançıları beynəlxalq qaydalarda və xal sistemində edilən son dəyişikliklər haqda məlumatlandırıblar. Ciu-Citsunun ayaqüstə və parterdə güləş texnikası, rəqibə nəzarət, hücum qaydaları, atıcı boğucu fəndlər barədə onlara əyani olaraq nümunələr göstərilib. Ciu-Citsunun özünü müdafiə, idman və göstərici texnikalarının yer aldığı müəyyən fəndlər toplumu nümayiş olunub.

Qərb regionunda aparıcı klublardan olan “İrəvan” İdman Klubunda Ciu-Citsu bölməsi yeni yaradılıb. Qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq bu idman növü üzrə bölməyə maraq böyükdür.

İrəvan İdman Klubu 2 ildir ki fəaliyyət göstərir. Klubun nəzdində olimpiya və qeyri-olimpiya olmaqla 9 idman növü fəaliyyət göstərir. Məşq bölmələrində 17 mütəxəssis 400-dən çox idmançı ilə məşğul olur ki, onlar arasında beynəlxalq səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil edən perspektivli yeniyetmə və gənclər var.