• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 19.05.2022 20:10

Avtozavodun Belarus şirkətləri ilə əməkdaşlığı genişlənir

KepezTV Player

Gəncədəki avtozavodda daha 950 ədəd Belarus markalı traktorun istehsalına başlanılır. Bu gün imzalanan və ikitərəfli əməkdaşlığın genişləndirilməsini özündə ehtiva edən sənədlər buna əsas yaradır. Mərasimdə Belarusun Baş naziri Roman Qolovçenkonun iştirakı münasibətlərin dərinləşməsində qarşı tərəfin də maraqlı olduğunu biruzə verir.

Gəncə avtomobil Zavodu ilə Belarusun istehsal müəssisələri ilə əməkdaşlığı nəticəsində 12200-ə yaxın 8 modeldə traktor, 8 modeldə müxtəlif modifikasiyalarda 3000-ə yaxın MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə istifadəyə verilib. Zavodda quraşdırılan yeni yığım xəttlərində konveyrdən buraxılan nəqliyyat vasitələrinin 40 %-ə yaxını yerli istehsal hesabına mümkün olub. Müəssisədə Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların yığımı həyata keçirilir. Avtozavodla tanış olan Belarusun Baş naziri Roman Qolovçenkonun iştirakı ilə ikitərəfli sənədlər imzalanıb. Sənədlərə əsasən Minsk Traktor Zavodundan traktorların komplekləşdiriciləri alınacaq və Qomselmaş şirkəti ilə əməkdaşlıq genişləndiriləcək.

Belarusun Baş naziri Roman Qolovçenko onu müşayiət edən nümayəndələrlə Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin raket atəşinə tutduğu əraziyə baş çəkiblər. Qonaqlar mülki insanlara qarşı həyata keçirilən hərbi cinayətlərin nəticələri ilə tanış olub. Baş nazir Roman Qolovçenko həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binasının ətrafına gül qoyub. Belaruslu qonaqlara Ermənistanın hərbi cinayətləri barədə məlumat verilib. Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayətləri nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.