Postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanlar var. Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşdə Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd edib. Dövlət başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü deyib, Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə edib. İliya Darçiaşvili ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan Prezidentinin əlaqələrimizin inkişafına verdiyi dəstəyi Gürcüstan tərəfinin yüksək qiymətləndirdiyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- Baxış: 1039