• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1572
— 24.04.2022 19:36

Gəncəli müəllim Amerikada təlimlərdə iştirak edib

KepezTV Player

“Bir müəllimin manifesti” proqramı 3 komponentindən ikisini Qazaxda və ADA Universitetində geridə qoyaraq növbəti tərkib hissəsi ilə yanvarın 17-dən etibarən Vaşinqtonda təlimlər keçirib. 2 ay davam edən təlimlərdə Gəncədən 38 nömrəli tam orta məktəbin direktoru da iştirak edib.

Ötən ilin oktyabr ayının 1-dən start verilən “Bir müəllimin manifesti” adlı təhsil proqramı, təhsil tariximizin başlanğıc nöqtəsi sayılan Qazax Müəllimlər Seminariyasının 100 ildən sonra tərtib edilən ilk proqramıdır. Bu təşəbbüs yalnız Seminariyanın bərpası deyil, həmçinin milli tariximizin və irsimizin bərpası yolunda atılan addımların davamıdır. ADA Universiteti də ölkəmizdə yüksək ixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək vermək məqsədilə bu proqramı həyata keçirib.

Proqram əyani və distant formatda aparılıb. Əyani formada proqram Bakı Dövlət Universitetinin Qazax filialında ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçirilib. Müəllimlərə proqrama uyğun olaraq müasir tədrisin əsasları, tədqiqat metodları və tətbiqi tədqiqat, müəllim və liderlik, akademik yazı, ingilis dili fənləri tədris olunub.

Proqramın ABŞ hissəsi 10 həftə keçirilib. Bu müddət ərzində proqram iştirakçıları ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunmuş seminar, mühazirə və konfranslarda iştirak edib, müxtəlif yerli məktəb, kollec və universitetlərə gedib, Vaşinqtonda keçirilən tədbirlərə qatılıb, muzey və mədəniyyət abidələrində olaraq, ingilis dilini təkmilləşdirib və ABŞ-ın təhsil sistemindəki mövcud qabaqcıl nümunələrlə tanış olublar.

Proqrama 20 region məktəblərindən seçilən, azı 3 il pedaqoji təcrübəsi olan 24 müəllim və 14 nəfər direktordan ibarət 38 iştirakçı daxil idi.