"Xəzər Universiteti" adı ilə başlayan 2004-cü ildə İnter, 2016-cı ildə Keşlə və hazırda isə Şamaxı adı ilə fəaliyyət göstərən futbol komandası yeni adı ilə yeni təmirdən çıxmış Şamaxı Şəhər stadionunda Neftçini qəbul edib. Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində baş tutan qarşılaşmanı 2200 azarkeş stadiondan izləyib. Oyunda ilk qol 10-cu dəqiqədə vurulub. "Neftçi"nin "Şamaxı"da icarədə olan futbolçusu Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirərək, müqavilə üzrə məxsus olduğu klubu məyus edib. İlk yarı "Şamaxı"nın üstünlüyü ilə başa çatıb - 1:0.Fasilədən sonra fəallığını artıran "Neftçi" 60-cı dəqiqədə bərabəlik qoluna imza atıb. Braziliyalı forvard Tiaqo Bezerra əks-hücumu dəqiq zərbə ilə tamamlayıb. 72-ci dəqiqədə isə onun həmyerlisi Ramon Maçado qələbə topunu vuraraq hesabı 2:1 komandasının xeyrinə dəyişib. Bununla da "Neftçi" xalını 41-ə çatdıraraq, ikinci pillədə möhkəmlənib.
- Baxış: 805