Bir müddətdir ki, ABŞ-da yaşayan, sevimli işindən kənar düşən gəncəli məşqçi Etibar İbrahimov yenidən futbola dönür. Gənc mütəxəssis Almaniyanın "Ayntraxt" Frankfurt klubunda çalışacaq. Tərəflər artıq müqavilə ilə bağlı bütün detallarda razılığa gəliblər. İbrahimov Bundesliqa təmsilçisi ilə sonradan 2 il də artırılması mümkün olan 1 illik müqavilə bağlayacaq. Məşqçi "Aytraxt"da əmək fəaliyyətinə Çində başlayacaq. Belə ki, klub Asiya ölkəsində açdığı akademiyada həmyerlimizə iş verib. Etibar İbrahimov viza ilə bağlı məsələni həll edən kimi Almaniyaya anlaşmaya imza atmağa, oradan da Çinə yollanacaq. İbrahimovun təyinatında Frankfurt klubunun beynəlxalq əlaqələr üzrə idman direktoru Nikolay Adamın da rolu olub. Belə ki, Adam vaxtilə Azərbaycanın 17 və 19 yaşlılardan ibarət millisində, eləcə də Hindistan yığmasında birgə çalışdığı İbrahimovu klub rəhbərliyinə məsləhət görüb. Yeri gəlmişkən, bu ikili bir müddət öncə Kanzasda Amerika Futbol Federasiyasının təşkil etdiyi beynəlxalq tədbirdə də iştirak ediblər. 3 il öncə "Kəpəz"i də çalışdırmış İbrahimov əvvəllər "Ayntraxt"da ixtisasartırma kurslarında da iştirak edib.
- Baxış: 906