• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 05.04.2022 16:00

Azərbaycan-İsrail əlaqələrinin inkişafından danışılıb

KepezTV Player

Azərbaycan və İsrail xalqlarının nümayəndələri əsrlər boyu birgə dostluq şəraitində yaşayıblar. Yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələri və şücaət göstərmələri ölkəmizdə ehtiramla qeyd olunur. Bu fikirlər Prezident İlham Əliyevin İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovla görüşündə səsləndirilib. İqtisadi sferada əlaqələrə toxunan dövlət başçısı Azərbaycanın İsrailin mühüm neft təchizatçılarından biri olduğunu deyib. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib. Hərbi-texniki sahədə də ölkələrimiz arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Razvozov yəhudi icmasının Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini, bu baxımdan Azərbaycanın nümunəvi ölkə olduğunu deyib. “İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz ölkənizin ərazi bütövlüyünün bərpa olunmasını alqışlayırıq. Bu, çox önəmlidir”, - deyən qonaq Ermənistanla Azərbaycan arasında danışıqların uğurlu olacağına və bunun da regionda sabitliyin möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirib. Razvozov Azərbaycanın biznes üçün çox yaxşı imicə malik olduğunu, ölkəmizdə biznes fəaliyyəti üçün təhlükəsiz və təminatlı şəraitin mövcudluğunun İsrail şirkətləri üçün cəlbedici olduğunu qeyd edib.