• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 27.02.2022 20:46

Aqrar sığorta sistemi təsərrüfatları risklərdən qoruyurmu?

KepezTV Player

Azərbaycanda ilk dəfə olaraq tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə təsərrüfatlar risklərdən sığortalanır. Hazırda bu mexanizmdən istifadə etməklə fermerlər təhlükələr zamanı sığorta ödənişi əldə edə bilərlər. Bəs adıçəkilən sığorta növü qərb bölgəsində hansı formada tətbiq olunur? Fermerlər aqrar sığortadan necə yararlana bilərlər? Kənd təsərrüfatı sahəsində sığorta nə üçün önəmlidir? Bütün bu suallara qarşıdakı reportajımızda cavab tapacaqsınız.

Yağış, dolu, qar, şaxta gözünü əkib-biçdiyinə, saxladığı mal-qaraya dikən fermerin bütün əziyyətini məhv edir. Elə həmin anda sığorta məsələsi gündəmə gəlir. Bir müddətdir ki, ölkəmizdə aqrar sığortanın tətbiq edilməsi nəticəsində məhsulunu və ya mal-qarasını sığorta etdirənlər də var, sığorta etdirməyənlər də. Bəs təsərrüfat sahiblərin bu məsələyə yanaşması necədir?

Elşən Bayramov fermer: Bizim təsərrüfat 6 hektar yarımdır. Biz ora taxıl səpmişik. Sığortalatmışıq. Bütün fermerlərə də tövsiyə edirik ki, onlar da öz təsərrüfatlarını sığortalatsınlar.

Niyaz Abbasov fermer: Hal-hazırda gördüyünüz sahədə biz dənli taxıl bitkiləri səmişik. Tanya sortudur. Buğda səpmişik. 67 hektardır. Arpa sahəsi isə 23 hektar səpmişik, Cəlilabad-19 sortunu. Quraqlıq səbəbindən məhv olma təhlükəsi mövcuddur. Yağıntı olmasa, 30-35% məhsul götürək və ya götürə bilməyəcəyik. Ancaq aqrar sığorta olunsa, dəstək olsa biz də ruhdan düşmərik.

Ramil Məmmədov təsərrüfat sahibi: Əsasən bizim sığortaladığımız sahələr toxum sahələridir. Təxminən 2000 hektara yaxın bir ərazini biz sığortalatmışıq. Ora bizim toxum sahələrimizdir. Azərbaycan Respublikasının ən böyük toxum istehsalçısı olaraq biz də öz təsərrüfatımızı sığortalayırıq.

Mütəxəssislər bildirir ki, aqrar sığortası olan fermer kredit götürdükdə və ya öz təsərrüfatını böyütmək istədikdə zəmanətli olur. Lakin buna baxmayaraq aqrar sığortadan yararlananların sayı çox deyil. Bəs fermerə məhsulunu sığorta etdirməyə nə mane olur?

Hilal Verdizadə heyvandarlıq mütəxəssisi: Kənd təsərrüfatında həm əkinçilikdə, həm heyvandarlıqda müəyyən risklər var. Bu risklərdən də onları qorumaq üçün aqrar sığorta təklif olunur. Mən bir heyvandarlıq mütəxəssisi kimi, bunu deyə bilərəm ki, heyvandarlıqda əsasən zədəalmalar, köç zamanı hər hansı qəzalar, xəstəliklərə qarşı onlar sığortalanmalıdır. Əsas riskləri bunlar təşkil edir. Fərdi yanaşmam belədir ki, əslində bu hər təsərrüfatda olmalıdır. Çünki heyvanlar nə xəstəliklərdən, nə də qəzalardan sığortalanmır. Rüsumlarının da bəlkə biraz aşağı endirilməsi buna tələbi artıra bilər.

Eldar Quliyev bitkiçilik üzrə mütəxəssis: Aqrar sığorta fondunun yaradılması çox məqsədəuyğundur. Ona görə ki, Gəncə-Qazax bölgəsində, xüsusən də Gədəbəy rayonu ən çox doluya məruz qalan ərazilərdən biridir. Ümumiyyətlə vətəndaşlarımıza səslənmək istəyərdim ki, taxıl sahələrini, kartof sahələrini sığorta etdirməkləri çox düzgün olardı. Əgər hansısa hadisələr baş verərsə sığorta ödənişinin olunması onlar üçün müəyyən dəstək olacaqdır.

Sığorta özü bir mədəniyyətdir. Xüsusilə kənd təsərrüfatı sahəsi kimi böyük risklərə məruz qalan və iqlim dəyişiklikləri nəticəsində bəzi anlarda zərər görən sahələrin sığortalanması Azərbaycanda elə də mühüm sayılmır. Sadəcə olaraq müəyyən fermerlər tərəfindən aqrar sığortanın mahiyyəti başa düşülməklə onlar həm öz sahələrini sığorta etdirirlər, həm də Azərbaycanda sığorta mədəniyyətinə öz töhfələrini vermiş olurlar.

Kənd təsərrüfatı dünyanın hər yerində təhlükəli sahə sayılsa da, fermerlərin təbii fəlakətlərin vurduğu zərərləri kompensasiya etdirmək imkanı var. Müasir dövrdə bunun ən mütərəqqi üsulu sığortadır. Dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının sığortalanması ilə bağlı təşviqedici addımların atılması bu sahədə müəyyən aktivliyə səbəb olub. Bu da sığorta portfelində kənd təsərrüfatı sığortasının payının artmasını şərtləndirib.

Fuad Sadıqov Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri: Dolu aqrar sahədə kifayət qədər böyük risklər yaradır. Biz təklif edirik ki, fermerlərimiz öz təsərrüfatlarını məhz bu riskdən qorusunlar. Gəncə-Qazax bölgəsi aqrar sığorta fondu üçün xəritədə ən riskli zona sayılır. Biz xidmətləri dövlət təşkitatı olaraq təklif edirik və dəvət edirik ki, fermerlərimiz öz təsərrüfatlarını sığortalasınlar ki, hansısa hadisə ilə üzləşdikləri təqdirdə gözlədikləri vəsaiti onlara çatdıraq.

Ən böyük aqrar sığorta ölkələrindən biri olan Türkiyə modelinin ölkəmizdə tətbiqi bu sahədə ciddi oyanışa səbəb olub. Türk mütəxəssis bildirir ki, fermerlər öz istehsal prosesini aqrar sığortaya etibar etməklə böyük təminat almış olurlar.

Kerim Üstün TARSİM-in İdarə Heyətinin sədri: Dünyada aqrar sığorta sahəsində ən uğurlu dörd ölkədən biri bizik. Ümid edirik ki, 5-ci ölkə məhz Azərbaycan olacaq. Yeniliklər bunu deməyə əsas verir. 2016-dan bəri başlayan bu əməkdaşlığımız könül coğrafiyamızda, xüsusilə qardaş türk ölkələrində davam edəcək. Aqrar sahə kənar təsirlərə çox açıq sahədir. Fermerlərimizi gəlirlərini qorumaq, istehsallarını stimullaşdırmaq naminə aqrar sığortadan yararlanmağa çağırıram.

Hazırda 15 növdən çox kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, 1 yaşdan 7 yaşadək camışları, iribuynuzlu mal-qaranı,eləcə də balıq və balıq məhsullarını sığortalatmaq mümkündür. Növbəti mərhələdə sığortalanan bitkiçilik məhsullarının sayının 40-a çatdırılması, həmçinin arıçılıq sahəsində də aqrar sığortanın tətbiqi nəzərdə tutulur.

Valeh Anaroğlu