• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 24.02.2022 16:11

Yeni soyuducu anbar və meyvə bağı istifadəyə verilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin Tədris-təcrübə təsərrüfatında yeni yaradılmış soyuducu anbarın və beş nümunəvi meyvə bağının açılış mərasimi keçirilib. Mərasimdə ABŞ-ın və İsrailin ölkəmizdəki səfirləri Li Litzenberqer və Corc Dik, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx, Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib. USAID-in və MASHAV beynəlxalq agentliyinin birgə maliyyələşdirdiyi yeni soyuducu anbar və nümunəvi meyvə bağları Azərbaycanda yerli iqtisadiyyatın və kənd təsərrüfatı sektorunun inkişafını dəstəkləmək və aqrar sahə üzrə təhsil alan tələbələrin təcrübə imkanlarını genişləndirməkdə mühüm rol oynayacaq. Universitetdə təhsil alan tələbələr tutumu 16 ton olan soyuducu anbarda meyvə-tərəvəzin saxlanılması metodlarını öyrənəcəklər. Tələbələr həmçinin ekoloji məsuliyyət prinsipinə əsaslanan, iqtisadi cəhətdən səmərəli və daha məhsuldar meyvə bağlarının salınması və idarə olunması üzrə praktiki biliklər də əldə edəcəklər. Yeni təsərrüfat infrastrukturunun sayəsində aqronomların və fermerlərin praktiki təcrübəsi artırılacaq, eləcə də ölkənin daha məhsuldar, rəqabətqabiliyyətli və rentabelli təsərrüfat sisteminə keçidi dəstəklənəcək.