Goranboyda Gənclər Gününün təsis edilməsinin 25 illiyi münasibətilə tədbir reallaşıb. Əvvəlcə bu günün yaradıcısı ümummili lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb. Tədbirdə gənclərə göstərilən dövlət qayğısı barədə danışılıb. “Qalib ölkənin qalib gəncləri”nin aparıcı qüvvə olduğu, ölkəmizin mənafeyi naminə bu potensialdan səmərəli istifadə edilməsinin vacibliyinə toxunulub. Gənclərin imkan və bacarıqlarının reallaşdırılması, sosial-iqtisadi problemlərinin həlli, onların ictimai həyatın bütün sferalarında fəal fəaliyyətə cəlb olunmasının diqqətdə saxlanıldığı xatırladılıb. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyi vurğulanıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi, onun təşəbbüsü ilə 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral gününün ölkəmizdə təntənəli bayram kimi qeyd edildiyinə diqqət çəkilib.
Samux gəncləri də gənclər günündə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ölkədə dövlət gənclər siyasətindən bəhs edən filmin nümayişi ilə başlayan tədbirdə Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasına diqqət çəkilib. Bu günün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərilən diqqət və qayğının nümunəsi olduğu vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyi və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açılıb. Vətən müharibəsində tarixi zəfərin əldə olunmasında ölkənin vətənpərvər gəncliyinin həlledici rol oynadığı, onların şücaəti və cəsarəti nəticəsində torpaqlarımızın işğaldan azad olunduğu qeyd edilib. Sonda, rayonun müxtəlif sahələrində uğurlar qazanmış və fəal olan bir qrup gəncinə fəxri fərmanlar təqdim edilib.
- Baxış: 381