Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov yaxın vaxtlarda karyerasını başa vura bilər. 30 yaşlı idmançı açıqlamasında buna səbəb kimi zədələrdən bərpa ola bilməməsini göstərib: "Yenidən ağrıların yaranacağından ehtiyat edirəm. Ona görə nə karyeramı bitirə, nə də davam etdirə bilirəm. Hələlik, fərdi məşqlərlə kifayətlənirəm. Əlbəttə, karyeramı davam etdirmək istərdim. Lakin bel fəqərəmdə 5 sm-lik yırtığın olması mənə çətinlik yaradır" deyə bildirən Toğrul Əsgərov idmançı karyerasını bitirəcəyi təqdirdə, hansı sahədə çalışacağını deməkdə çətinlik çəkib: "Düzdür, özüm də mənə hansısa iş veriləcəyini ordan-burdan eşidirəm. Amma rəsmi səviyyədə heç bir təklif almamışam". Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. "Rio-2016"da və 2010-cu il dünya çempionatında isə gümüş medal əldə edib. 2012-ci ildə Serbiyanın paytaxtı Belqradda Avropa çempionu olan idmançı Bakı-2015 I Avropa Oyunlarının da qalibidir.
- Baxış: 724