• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 708
— 24.12.2021 19:29

"Qəhrəman övladlarının ekskursiyası" təşkil edilib

KepezTV Player

Ölkənin ikinci böyük şəhərində də şəhid ailələri daim diqqət mərkəzində saxlanılır. Bu gün bu istiqamətdə keçirilən tədbirlər sırasına yenisi əlavə olunub. Qəhrəman şəhidlərimizin yadigarlarını sevindirmək məqsədilə "Qəhrəman övladlarının ekskursiyası" adlı tədbir təşkil olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir ekskursiya formatında təşkil olunub. İlk olaraq şəhid övladlarına yeni il hədiyyələri təqdim edilib. Daha sonra fidanlar Heydər Əliyevin Mərkəzini ziyarət ediblər. Burada mərkəzin əməkdaşları onlara Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında geniş məlumat veriblər.

Daha sonra şəhid övladları əyləncəli vaxt keçiriblər. Heydər Əliyev Parkı ərazisində yerləşən attraksionlardan ödənişsiz şəkildə istifadə edən balacalar üçün musiqili-əyləncəli proqram da təşkil olunub. Digər vaxtlarda karusellərdən pulsuz istifadə etmələri üçün xüsusi kartlar da şəhid ailələrinə hədiyyə olunub.

Gəncə Dövlət Kukla Teatrı tərəfindən nümayiş olunan səhnəcik də azyaşlıların sevincinə səbəb olub. Bədii hissə bitdikdən sonra ayrılmış avtobuslarla "İstiqlal" parkına gələn şəhid övladları Memorial Abidə Kompleksinin önünə gül dəstələri düzüblər, şəhidlərin əziz xatirəsi yad olunub.

 

Valeh Anaroğlu