Gəncədə törədilən qətlin üstü açılıb. Şəhər Prokurorluğunun məlumatına görə, bu il dekabrın 10-da 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə şəhəri Nizami rayon polis idarəsinə müraciəti daxil olub. Bunun əsasında aparılan araşdırma zamanı qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayət “isti izlər”lə açılıb. İtkin düşmüş şəxsin qəsdən öldürüldüyü müəyyən edilib. Məlum olub ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğaraq öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb. Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
- Baxış: 799