• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 828
— 28.11.2021 20:01

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfər edib

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edib. Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşılayıb. Sonra dövlət başçımızın Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Qurbanqulu Berdiməhəmmədov - Türkmənistan Prezidenti: Səmimi desəm, bu gün mənim üçün çox heyrətləndirici bir xəbər aldım. Adətən biz nadir hallarda heyrətlənirik, lakin bu xəbər təəccüblü oldu. Bu gün mənə Xarici İşlər Nazirləri Şurasının qətnaməsini təqdim etdilər. Bu sənəd Aşqabadda konsensus yolu ilə qəbul edilib. Bilirsinizmi, orada yaxşı bəndlər, cümlələr var ki, Azərbaycan həqiqətən inandırıcı qələbə qazanıb. Ola bilsin, mən bir qədər qeyri-dəqiq şəkildə təkrar edirəm və ya fikrimi düzgün ifadə etmirəm, lakin məna budur ki, Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub. Mən, sadəcə, demək istəyirəm ki, bu qətnamənin konsensus yolu ilə qəbul edilməsi bizim münasibətlərimizdə parlaq səhifədir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm. Mən Sizi Qələbə münasibətilə, bu tarixi hadisə münasibətilə əvvəlcədən təbrik edirəm.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Əlbəttə, Sizə, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümü bildirmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk. Həmin qətnamədə qeyd edilib ki, üzv ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edirlər. Bilirsiniz, bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və əlbəttə, bütün Azərbaycan xalqı bu qətnamədə sədr ölkənin və bütün digər üzvlərin qardaşcasına münasibətini görəcək. Ona görə də bu, həqiqətən çox mühüm hadisədir. Çox sevindirici haldır ki, bu tədbir azərbaycanlılar üçün qardaş Türkmənistan torpağında keçirilir. 

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.