• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 27.11.2021 20:03

Soçi görüşü - doğru istiqamətdə atılan növbəti addım

KepezTV Player

Soçi görüşü - doğru istiqamətdə atılan növbəti addım. Rusiya prezidenti tərəfindən təşkil olunan üçtərəfli görüş Azərbaycanın qonşu Ermənistanla dinc əməkdaşlığa hazır olduğunun sübutudur. hərbi əməliyyatlardan sonra baş tutan növbəti görüş dialoq və dinc birgəyaşayış prosesinə başlamağın alternativi olmadığını sübut edir. Odur ki, Ermənistan ona təqdim olunan "zeytun budağı"ndan imtina etməməli, reallıqla barışaraq özünütəcrid vəziyyətindən qurtulmalıdır.

Vətən müharibəsi başa çatandan sonra ötən gün Soçidə sayca 3-cü dəfə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü reallaşdı. 3 saata yaxın davam edən danışıqların nəticəsi üçtərəfli bəyanatın imzalanması olub. Üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndirmək olar. Azərbaycan qarşısına qoyduğu məqsədlərə Soçi görüşündə də nail oldu. Hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi imzalanan birgə sənəddə öz əksini tapıb. Bəyanatda Qarabağ ifadəsinin olmamasını Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin ifadəsi kimi dəyərləndirmək olar.

Soçi görüşünün nəticələri olaraq bir tərəfdən avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarların qəbul olunması qeyd edilirsə, digər vacib məqam Rusiyanın məşvərətçi rolda olmaqla Azərbaycanla Ermənistan arasındakı sərhəddin delimitasiya və demarkasiyasına çağırışın edilməsidir. İlin sonuna kimi sərhədin müəyyən edilməsi ilə bağlı mexanizmlərin yaradılması istiqamətində ikitərəfli komissiya da formalaşdırılacaq. Bunu Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün atılan addımlar kimi dəyərləndirmək olar.

Yekun sənəddə erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması da diqqətdən qaçmır. Eləcə də Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətməsini Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən dəstəklənməsi kimi qiymətləndirmək olar. Bu regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini göstərir.

Soçidə diqqət çəkən məqamlar sırasında Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyəsi və Prezident Putinin bu prosesdə müsbət rolu və töhfələridir. İlham Əliyevlə Vladimir Putinin təkbətək görüşü münasibətlərin qarşılıqlı maraq üzərində qurulduğunu, Rusiya-Azərbaycan münasibətlərinin fəal dialoq formatına malik olduğunu göstərdi.

Yekunlaşan Vətən müharibəsinin ildönümünə təsadüf edən üçtərəfli Soçi görüşü Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə irəliyə doğru atılan addım kimi səciyyələnir.

Əlavə etməyə dəyər ki, görüş Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Brüsseldə dekabrın 15-nə təyin olunmuş görüşün fonunda keçirildi. Azərbaycan müxtəlif səviyyələrdə görüşlərin keçirilməsinə, müzakirələrin aparılmasına tərəfdardır. Təbii ki, hər bir təşəbbüs, vasitəçilik əsasında keçirilən görüş qarşıya qoyulan məsələlərin həllinə doğru atılan addımdır. Rusiya Prezidenti Vladimir Putin də Soçi görüşündə Avropa İttifaqının bu addımını təqdir edib. Bu arada, Soçi görüşünün vaxtı da tarixin önəmli bir hissəsi ilə ya təsadüfdən, ya da zərurətdən üst-üstə düşüb. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib.