Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Bu fikirləri Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı deyib.
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü işə başlayıb. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni verilib.
Prezident bu ordeni türk dövlətləri tərəfindən fəaliyyətinə verilən yüksək mükafat və qiymət kimi dəyərləndirib və bildirib ki, bu, bütün Azərbaycan xalqına verilmiş mükafatdır. Dövlət başçısı Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qaldığı qətnamələri yerinə yetirdiyindən, tarixi ədaləti bərpa etməsindən, Zəfərdən danışıb.
Prezident Zəngəzurla bağlı Naxçıvan zirvəsindəki çıxışını xatırladıb. Bildirib ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozub və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. "Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq" deyə dövlət başçısı əlavə edib. Prezident Türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxılmasından məmnunluq duyduğunu dilə gətirib. Birgə gələcək üçün çox möhkəm zəmin var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir.
Türk Şurasının VIII Zirvə Görüşündə “Türk Dünyası 2040 Vizyonu” təsdiq edilib.Sammitdə dövlət başçıları VIII Zirvə Görüşünün yekun sənədi olan İstanbul Bəyannaməsini imzalayıblar.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib.
- Baxış: 501