• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1945
— 10.11.2021 09:58

Üçtərəfli bəyanat: Azərbaycanın tarixi uğuru, Ermənistanın acı məğlubiyyəti

KepezTV Player

Bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərin yekunu – Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli bəyanatın imzalanmasından bir il ötür. Ermənistanın kapitulyasiyası ilə müharibəni başa çatdıran sənəd bu ölkənin Azərbaycana qarşı başlatdığı münaqişəyə də son qoymuş oldu.

Ötən il sentyabrın 27-də ermənilərin növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycanın hərb tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Azərbaycan Ordusu sülhə məcburetmə əməliyyatlarını uğurla həyata keçirirdi. Silahlı Qüvvələrimiz ermənilərin yaratdığı “yenilməz ordu” mifini darmadağın edərək ardıcıl qələbələri ilə düşmənə sarsıdıcı zərbələr vururdu. Ermənistan Ordusu günbəgün həm canlı qüvvə, həm də texnika sarıdan ciddi itkilər verirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlının ardınca noyabrın 8-də Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən ağır zərbə oldu. Bir gün sonra noyabrın 9-da cəmi bir günə 70-dən çox yaşayış məntəqəmiz, bir sıra strateji yüksəkliklər azad olundu. Bu, artıq düşmənin dizini yerə gətirmək demək idi. Ermənistan Ordusunun tamamilə məhv olmaqdan yeganə çıxış yolu məhz kapitulyasiya idi. Üçtərəfli bəyanat əslində Azərbaycanın humanizminin növbəti nümunəsi idi. Çünki ölkə Prezidenti İlham Əliyev hələ müharibənin gedişində həm xalqa müraciətlərində, həm beynəlxalq mediaya açıqlamalarında dəfələrlə qarşı tərəfə xəbərdarlıq etmişdi: torpaqlarımızdan könüllü şəkildə çıxın, müharibəni dayandıraq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: “Ermənistan bu təcavüzkar hərəkətləri dayandırmalıdır, onlar qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını üzərlərinə öhdəlik götürməlidirlər. Onlar işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı vaxt cədvəlini bizə təqdim etməlidirlər. Onların “Qarabağ Ermənistandır” deyən baş naziri indi deməlidir ki, “Qarabağ Ermənistan deyil” və bundan sonra əlbəttə ki, biz bu düşmənçiliyə son qoymağa və atəşkəs rejimini bərpa etməyə hazır olacağıq.”

Belə də oldu. Azərbaycanın diqtə etdiyi kimi, üçtərəfli bəyanatın imzalanması ilə üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın müəyyən olunmuş müddətlərdə Azərbaycana qaytarıldı. Prezident İlham Əliyevin təkidli tələbləri əsasında hazırlanan bu sənəd Ermənistanın acı məğlubiyyətinin yekunu, faktiki kapitulyasiyası demək idi.

Üçtərəfli bəyanatın daha bir böyük əhəmiyyəti Zəngəzur dəhlizinin açılması istiqamətində işlərə başlanılması ilə bağlı oldu ki, bu da Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin bərpası deməkdir. Kommunikasiyaların açılması, nəqliyyat əlaqələrinin bərpası bütün irimiqyaslı beynəlxalq layihələrdən kənarda qalan Ermənistan üçün də yeni imkanlar yaradır.

Artıq münaqişə tarixdə qalıb. Azərbaycan torpaqlarını işğaldan azad etməklə ərazi bütövlüyünü bərpa edib. İndi Qarabağ və Şərqi Zəngəzurun dirçəliş dövrü başlayıb. Azərbaycan azad olunmuş ərazilərində apardığı yenidənqurma işləri ilə torpağa sahibliyin nə demək olduğunu bütün dünyaya nümayiş etdirir. Üçtərəfli bəyanatın imzalanması, münaqişəyə son qoyulması ilə məhz Azərbaycan regionun lider ölkəsi kimi Cənubi Qafqazda yeni reallıqlar yaratdı. İndi qonşu ölkələrə regionun rifahı və təhlükəsizliyi üçün bu reallıqlardan maksimum faydalanmaq qalır.