• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 08.11.2021 19:27

Prezident hərbçilər qarşısında çıxış etdi

KepezTV Player

Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzindəki bütün istehkamlarını, bütün döyüş mövqelərini, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edərkən İkinci Qarabağ müharibəsinin şanlı tariximizin parlaq səhifəsi olduğunu vurğulayıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bir daha demək istəyirəm, açıq-aydın görünürdü ki, düşmən öz xoşu ilə torpağımızdan çıxmaq istəmir, daha da azğınlaşır və Azərbaycan xalqının heysiyyətinə toxunmaq üçün qəbuledilməz addımlar atır və bəyanatlar verir. “Qarabağ Ermənistandır” deməklə Ermənistan təkcə danışıqlar prosesinə son qoymadı, eyni zamanda, bu, bizim üçün təhqir idi. Bizim üçün müqəddəs olan, Qarabağın tacı olan Şuşada saxta andiçmə mərasimi keçirmək bizim üçün təhqir idi. O şeytan yuvası, - harada ki, o tədbir keçirilmişdi- qəhrəman Azərbaycan Ordusu tərəfindən müharibə dövründə darmadağın edildi. Şuşaya qondarma qurumun qondarma “parlamentinin” köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox? Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq.Hər il işğal dövründə düşmən bizim üçün müqəddəs olan Şuşada may ayında Şuşanın işğalını bayram edirdi. May ayında bu il bax burada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, muğam səsləndi. Avqust ayında Vaqif Poeziya Günləri keçirildi, Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub.

Dövlət başçısı bildirib ki, biz bütün dünyaya böyük xalq olduğumuzu göstərdik. Bu müharibə dövründə və müharibədən sonrakı bir il ərzində də müşahidə olundu.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir. Əziz dostlar, əziz Azərbaycan xalqı. Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!