• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 07.11.2021 20:38

Zəfər günü ilə bağlı silsilə tədbirlər keçirilib

KepezTV Player

Gəncənin təhsil ocaqlarında, mədəniyyət müəsisələrində 44 günlük vətən müharibəsində qazanılan qələbə münasibəti ilə silsilə tədbirlər keçirilir. Vətən müharibəsindəki qələbənin tarximizdə misilsiz rolundan danışılır.

Gəncənin Tibb Kollecində Zəfər günü ilə bağlı keçirilən tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız və Ordumuzun Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi ədaləti bərpa etməsindən danışılıb. Ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, qalib bir ölkənin vətəndaşıdır. Hər bir hərbi qulluqçu isə qalib bir Ordunun əsgəri olmağından böyük qürur duyur. Tədbirdə tələbələrin zəfər gününə hazırladığı videoçarx nümayiş olunub.

Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Uşaq İncəsənət Məktəbinin keçirdiyi Zəfər günü ilə bağlı təbirdə əvvəlcə iştirakçılar uşaqların vətən müharibəsinə həsr etdiyi rəsmlərlə tanış olub. 44 gün ərzində vətən müharibəsində qazanılan qələbənin sevinci əl işlərində sərgilənib. Təbirdə qalib Azərbaycan xalqının Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyi vurğulanıb. Uşaq İncəsənət Məktəbinin  “Gəncə qönçələri” rəqs ansanbılının çıxışı böyük maraqla qarşılanıb.Uşaq Rəssamlıq və incəsənət məktəbinin 8 noyabr Zəfər gününə həsr olunan sərgisində də uşaqların əl işləri maraqla izlənilib. 50-ə yaxın rəsmdə vətən müharibəsində şanlı qələbə, əsgərlərimizin döyüş meydanında göstərdiyi şücayət, eləcə də xalqımızın qələbə sevinci öz əksini tapıb. 13 nömrəli orta məktəb də isə Zəfər günü ilə bağlı şagirdlər flaşmob keçirib. 100-ə yaxın məktəbli canlı olaraq Xarı bülbülün şəklini yaradıb. Tədbirdə ali baş komandan İlham Əliyev və onun rəhbərlik etdiyi şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etdiyindən danışılıb.Qələbənin qəhrəman əsgər və zabitlərimizin qanı, canı bahasına əldə edildiyi vurğulanıb. Vətən müharibəsi ilə işğal altındakı torpaqlarımız düşməndən təmizləndiyi, 30 ilə yaxın davam edən yurd həsrətinə son qoyulduğu xatırladılıb.Məktəbin  şagirdləri vətənə, torpağa aid mahnılar ifa edib,  şerlər səsləndiriblər.

10 nömrəli orta məktəbində isə 30-ə yaxın şəhid ailəsinin iştirakı ilə "Qarabağ Azərbaycandır" adlı tədbir reallaşıb. Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatından danışılıb. 44 gün davam edən Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpası, düşmənə layiqli cavab verildiyi, hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xəbərinin xalqımız tərəfindən bayram kimi qarşılandığı vurğulanıb. Tədbirdə Zəfər gününə həsr olunan bədii hissə nümayiş etdirilib.Gəncənin 2 nömrəli uşaq baxçasında keçirilən Zəfər Günü adlı tədbirdə rəşadətli Azərbaycan ordusunun addım-addım irəliləyərək xalqımıza qələbə sevinci bəxş etdiyi diqqətə çatdırılıb. Qəhrəman əsgər və zabitlərimizin sücaətindən, qorxmazlığından danışılıb. Balacaların vətənpərvər ruhda böyüməsinin əhəmiyyəti vurğulanaraq Azərbaycanın layiqli vətəndaşları kimi formalaşmalarında məktəbəqədər təhsil müəssisələrin üzərinə böyük iş düşdüyünə diqqət çəkilib. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordusu qələbənin təməlini təşkil etdiyi vurğulanıb. Tədbirdə balacaların milli geyimdə bir-birindən maraqlı vətənpərvərlik mövzusunda mahnıları, rəqsləri və şerləri maraqla qarşılanıb.

Elnur Vahidoğlu