Bir il öncə, senyabrın 27-si başlayan Vətən müharibəsinin 39-cu günü Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizi və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur olub. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 haubitsa topu, 1 ədəd “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını isə sıradan çıxarılıb. Cəbhədə məğlub olan düşmən Tərtər, Ağcabədi, Tovuz, Ağstafa, Ağdam rayonlarının ərazilərini, Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən isə düşmənin hərbi texnikaları sıradan çıxarılıb. Həmçinin diversiya cəhdinin qarşısı alınıb. Ciddi döyüş itkiləri verən düşmənin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib. *** Günün ən gözəl xəbəri isə Prezident, Ali Baş Komandan İlham Əliyevdən gəlib. Dövlət başçısı Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərinin işğaldan azad edildiyini açıqlayıb.
- Baxış: 688