• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1896
— 03.11.2021 20:33

Bərəkət muzeyi - Çörək muzeyi

KepezTV Player

Ağdam Azərbaycanın zəngin tarixə və ənənələrə malik güşəsi olub. Qarabağın “ağ günlü gözəli” adlandırılıb. Onun qoynunda vaxtilə müqəddəs bir ocaq da ünvan tapıb, bərəkət muzeyi - Çörək muzeyi. Amma bu tarixi məkan haqda indi yalnız keçmiş zamanda danışmaq mümkündür. Ağdamın işğalı dövründə Çörək muzeyi də digər tarixi abidələr, tikililər kimi dağıdılıb, məhv edilib və tarixin yaddaşına köçüb. Unudulması mümkün olmayan tarixin.

Bu kadrlar ötən əsrin 80-ci illərində Çörək muzeyindən bəhs edən sənədli filmdəndir. O dövrlər nəinki Azərbaycanda, hətta Sovet məkanında bu adda, bu məramda ikinci bir yer olmayıb.

Təzə don geyinmiş köhnə dəyirman. Uzun müddət Ağdam camaatının dəni burada üyüdülüb. Filmdə belə deyilir...

Tarixi abidələr məskəni olan Ağdamın işğal dövründə ermənilər tərəfindən siması dağıntılarla tamamilə dəyişdirilib. Sözsüz ki, heç nəyə fərq qoymadan mənfur düşmən tarixi-mədəni kompleksləri də yerlə-yeksan edib. İzlədiyiniz bu kadrlar isə çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixini özündə əks etdirən Çörək muzeyindən geri qalan görüntülərdir...

Muzeyin divarlarına vurulmuş "Çörək baha olanda ölüm ucuz olar", "Qılınc kəsməyəni çörək kəsər" atalar sözləri də çörəyin müqəddəsliyini, gücünü, qüdrətini bir daha ziyarətçilərin yadına salırdı. Amma ermənilər üçün kəsilən çörəklərin heç bir dəyəri olmayıb. Onlar xislətlərinə uyğun olaraq çörəyi ayaqlayıblar.

Muzey yerli mədəniyyət abidəsi kimi qorunub, yerli və xarici turistlərin tez-tez ziyarət etdiyi yerlərdən biri olub.

Muzeydə Azərbaycanla yanaşı, Sovetlər birliyinə daxil olan digər ölkələrdən gətirilən çörəklər sərgilənib. Həmçinin, müxtəlif taxıl növləri, buğdadan hazırlanmış eksponatlar, müharibə dövrundə uşaqlara verilən çörək kartları nümayiş olunub.

Vətən torpaqlarının işğaldan azad edilməsi ilə ağdamlılar dünyada məşhur olan Çörək muzeyinin yenidən bərpa olunmasını arzulayırlar.