• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2417
— 30.10.2021 17:32

Yığılan xurma xarici bazara göndərilir

KepezTV Player

Xəstəliyə çox nadir hallarda yoluxan və susevən meyvə bitkisi olan xurma Samux rayonunda becərilən əsas mövsümi kənd təsərrüfatı məhsullarından biridir. Meyvə bağlarında bolluq təşkil edən xurmanın yığımı davam edir.

Samux rayonunda xurma yığımı davam edir. Bağlarda əsasən xurmanın şişburun, nəlbəki və karalyok sortları becərilir. Yığılan məhsul qablaşdırılaraq ilk günlərdən yerli bazarlara çıxarılır, habelə Rusiya və Ukraynaya ixrac olunur. Fermerlər xurma bağlarını rentabelli hesab edirlər.

Xatay Vəliyev fermer: 25 sot bu məhlədə əkmişik, 1 hektar 30 sot da pay torpağımızda əkmişik. 340-350 ağacdır. Yığılana qədər çox az xərc tələb edir. Buna nə qurd yaxın gəlmir, nə xəstəlik yaxın gəlmir. Çünki tərkibində yod var. Ona görə də bu yaxşı meyvədir. Çox gəlirli sahədir. Yaxşı da meyvədir. Bunu yalnızca suvarmaq və becərmək lazımdır.

Vahid Vəliyev fermer: Şəxsən bundan həm meyvə kimi istifadə edirəm, burdan gəlirim gəlir. Arasını da taxıl eləmişəm. 10 metr məsafədir. İki ədəd kombayn gəlir, taxılımı biçirəm. Həm oradan gəlirim gəlir, həm buradan gəlirim gəlir. İndi adam var ki, əkmək istəmir bir az əziyyəti var. Çünki 5 ildən sonra məhsul verir. Bunu əkdinsə gərək 5 il gözləyəsən. 5 il qulluq edəsən, pul xərcləyəsən 5 ildən sonra gəlirin olur. Bax bunun bircə əziyyəti budur. 5 il sonra gəlirin gəldi ondan sonra heç nəyə ehtiyacın yoxdur. Suyunu vur, vaxtlı-vaxtında peyinini ver sonra da məhsulu yığ.

Rayon ərazisində 65 hektardan çox xurma bağında yığım aparılıb. Bu sahədə dövlət tərəfindən fermerlərin stimullaşdırılması da böyük önəmə malikdir. Belə ki, dövlətin kənd təsərrüfatına diqqəti nəticəsində intensiv meyvə bağları üçün 700, ənənəvi meyvə bağları üçün isə 240 manat subsidiya nəzərdə tutulur.

Əlvan Bayramov Samux DAİM-in direktor müavini: Samux rayonunda hazırda 2100 hektardan artıq ərazidə meyvə bağı var. Meyvə bağlarının 1450 hektarı məhsuldar meyvə bağlarıdır. Həmin meyvə bağlarından bu günə qədər 7500 tondan çox məhsul yığılıb. Yığılmış məhsulların satışı əsasən daxili bazarda həyata keçirilir. Hazırda xurma bağlarında məhsul yığımı aparılır. Rayon ərazisində 617 hektar ərazidə xurma bağları var. Bunun 350 hektarı məhsuldar xurma bağlarıdır. Bu günə qədər 450 tondan artıq məhsul yığılıb.

Meyvəçilik Samux rayonunun kənd təsərrüfatının əsas sahələrindən biridir. Hal-hazırda rayonda tumlu, qərzəkli, çəyirdəkli, quru subtropik meyvə növləri yetişdirilir. Meyvə ağacları əsasən əhalinin həyətyanı sahələrində üstünlük təşkil edir, lakin son illər əhali öz pay torpaqlarında da yeni meyvə bağları salır.