• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 27.10.2021 11:50

"Dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı önəmli amilə çevrilib"

KepezTV Player

"Həm Şuşada, həm də Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik". Bunu Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib. Dövlət başçısı vurğulayıb ki, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Türkiyə Əziz qardaşımın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Bu yaxınlarda Əziz qardaşım Türkiyənin daxili məsələlərinə müdaxilə etmək istəyənlərə elə cavab vermişdi ki, hesab edirəm bu, bütün siyasətçilər üçün örnəkdir. Öz milli ləyaqətini qoruyan, öz xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən Lider bu gün buradadır, Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır. Biz bunu qiymətləndirməliyik. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir. Onu da bildirməliyəm ki, gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə Əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək, beləliklə, bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə vurğulayıb ki, Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir. Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir.

Rəcəb Tayyib Ərdoğan - Türkiyə Respublikasının Prezidenti: Bu məsələlərdə Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür. Türkiyənin də davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram.