• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 13.10.2021 12:18

Mebel satmaq adı ilə dələduzluq edən saxlanıldı

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  onlayn dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun sosial şəbəkələrdə saxta hesablar açaraq mebel satmaq adı ilə vətəndaşların pulunu mənimsəməyi azadlığı bahasına başa gəlib.

Sosial şəbəkələr vasitəsi ilə vətəndaşlara mebel dəstləri satmaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Şəki şəhər sakini Səbuhi Əsmənzadə yaxalanıb. Araşdırmalar zamanı məlum olub ki, Əsmənzadə instagram sosial şəbəkəsində “prenses_mebel_salonu”, “stil_mebel_salonu”, “estello_mebel_salonu” və “arzum_mebel_salonu” adlı səhifələr yaradaraq vətəndaşlara özünü başqa adlar ilə təqdim edib, ucuz mebel dəstləri satacağını vəd edib, müəyyən məbləğləri onlayn yolla kart hesabına köçürdükdən sonra həmin şəxslərlə əlaqəni kəsib.

Bundan başqa saxlanılan şəxs Şəki şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bakıda müxtəlif evlər kirayələməklə və başqa-başqa şəxslərin adına bank kartı açaraq məsuliyyətdən yaxa qurtaracağını düşünərək mütəmadi olaraq mobil nömrəsini və yaşadığı ünvanı dəyişib. Səbuhi Əsmənzadənin cari ilin müxtəlif vaxtlarında hələlik 5 vətəndaşdan ümumilikdə 6200 manat pulu dələduzluq yolu ilə mənimsədiyi məlum olub. Onun əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in “102” Zəng Mərkəzinə, Gəncə şəhər Baş Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər. Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.