• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 989
— 11.10.2021 09:46

11 oktyabr hadisəsini yaşayanlar

KepezTV Player

11 oktyabr gecə saatlarında erməni vandallarının Gəncəni raket atəşinə tutması nəticəsində yan-yana dayanan bir neçə bina dağılaraq yararsız hala düşdü. Düşmənin bu dəfə törətdiyi terror hadisəsində şəhid olan, yaralanan mülki insanların sayı əvvəlki hücumdan çox oldu. Qarşıdakı süjetdə o dəhşətli gecəni həmin olayı yaşayanların dilindən eşidəcəksiz.

Vətən müharibəsində Ermənistan Silahlı Qüvvələrinin cəbhə bölgəsindən kənarda yerləşən ərazilərə ən böyük hücumlarından biri 11 oktyabrda Gəncəni raketlə vurmaları olub. Dinc əhaliyə qarşı yönələn bu vəhşilik sakinlərin evlərinin dağılmasına, bəzilərinin şəhid olmasına və yaralanmasına səbəb oldu. Həmin gün Xəlilovlar ailəsinin xanımı Dürrə Cəfərova da dağıntılar altında qalaraq dünyasını dəyişib. Evlərinə raket düşən zaman müharibədə olan Vüsal Xəlilov hadisənin ildönümündə uşaqlıq və tələbəlik illərini keçirdiyi evlərinin dağıntıları ətrafında addımlayarkən oranı ürək ağrısıyla seyr edir. Onun sözlərinə görə tibb bacısı olan anası Dürrə xanım Gənvəyə ilk hücumdan sonra da şəhəri tərk etməyərək doğma evində qalıb və 11 oktyabr gecəsi şəhidlik zirvəsinə yüksəlib.

11 oktyabr günü zərərçəkənlər sırasında Heydərovlar ailəsi də olub. Həmin vaxt sosial şəbəkələrdə yaralı halda çəkilən şəkli ilə Gəncənin balaca qəhrəmanına çevrilən ailənin kiçik üzvü Bəxtiyar Heydərli 1 il sonra atası ilə birlikdə dağılan evlərini ziyarət edib. Hadisə zamanı 6 nəfər olan ailədən yalnız Bəxtiyar xəsarət alıb.

Erməni terroru nəticəsində evləri dağılanlar içərisində Kəpəz televiziyasının operatoru Rüfət Allahverdiyev də olub.

Erməni ordusunun zənnincə raket hücumu ilə dinc əhali qorxuya düşəcəkdi. Ancaq qəhrəmanlar yetişdirən bu ölkənin, bu şəhərin sakinləri zərrə qədər də olsun qorxmadılar, geri çəkilmədilər.

11 oktyabrda evləri yararsız hala düşən sakinlərin durumuna dövlət də biganə qalmayıb. Bu ilin may ayında zərər görən bütün ailələr mənzillərlə təmin olunublar.