• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2031
— 06.10.2021 20:57

Şəhid ailələlərinə dövlət qayğısı

KepezTV Player

Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq  yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.

Müharibədən sonra dövlətin qarşısında duran ən mühüm sosial məsələlərdən biri şəhid ailələrinin və qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılmasıdır. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şəhidlərlə əlaqədar fikirləri, şəhid ailələri ilə görüşləri onu göstərir ki, sözügedən şəxslər ən həssas təbəqə kimi dövlətin daim diqqət mərkəzindədir. Dövlət başçısının tapşırıqları əsasında bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının ən bariz örnəyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması olub. Belə ki, Fond bu istiqamətdə dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Eyni zamanda, qeyd etməliyik ki, taleyüklü məsələlərin həlli istiqamətində institusional təşəbbüslər dövlətimizin bu istiqamətdə strateji yanaşmasından xəbər verir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə işğaldan azad olmuş ərazilərimizin dirçəldilməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fondu da dövlətin bir digər mühüm strateji addımlarındandır. Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. Qarabağ Dirçəliş Fondunun yaradılması dövlətin Qarabağ siyasətinin təzahürüdür.Dövlət tərəfindən atılmış ən mühüm addımlardan biri şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsidir. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin şaxələnməsi istiqamətində atılan önəmli addımdır. Belə ki, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir. Dövlət hər zaman vətəndaşının yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.