• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 06.10.2021 16:59

"Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır"

KepezTV Player

"Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan yeni bir miqyas ala bilər"

"Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Biz iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində birlikdə işləməyə hazırıq". Bunu Prezident İlham Əliyevə etimadnaməsini təqdim edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Petr Mixalko deyib. Bildirib ki, İttifaq nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyir.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilər, bu səbəbdən təchizatın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləmək planlaşdırılır.Ölkəmizin demokratik inkişafı ilə bağlı bütün məsələlərin gündəlikdə olduğunu qeyd edən dövlət başçısı postmüharibə dövrünün planlarından da danışıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Əlbəttə, indi düşünürəm ki, ən mühüm sahələrdən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına Avropa İttifaqının töhfəsidir və biz buna hazırıq. Siz bəlkə də mənim bununla bağlı bəyanatlarımı eşitmisiniz. Mən nəzərdə tutduğumu deyirəm, bu, bizim siyasətimizdir. Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, -mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər.