• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1906
— 05.10.2021 19:08

Qələmini silaha dəyişən müəllimlər

KepezTV Player

Missiyası şəxsiyyət yetişdirmək olan müəllimnən cəmiyyətimizin həmişə gözləntiləri yüksək olub. Məhz elə bunun üçün də vətən müharibəsi başlıyanda onlar da qələmlərini silaha dəyişərək ərazilərimizin bütövlüyü uğrunda müharibəyə yollandılar. Torpaqlarımızın azadlığı uğrunda canlarını belə əsirgəmədilər. Gəncənin orta məktəblərindən də 15 müəllim 44 günlük müharibədə vurub və onlardan iksi şəhadətə yüksəlib. Beynəlxalq Müəllimlər günündə bu fədakar müəllimləri, fədakar pedaqoqları yaxından tanıyaq.

Daim inkişafda olmaq, təhsilin səviyyəsini yüksəltməyə xidmət etmək müəllimin peşə vəzifəsinə çevrilib. Bununla paralel müəllim həm də cəmiyyətin aparıcı qüvvəsidir. Gəncənin 14 nömrəli orta məktəbinin müəllimi olan Rabil İsmayılov da belə müəllimlərdən olub. Gəncənin ilk şəhid müəllimi olan  Rabil İsmayılov tətbiqi riyaziyyat fənnini tədris edirdi. Vətən müharibəsi başlıyanda o da zabit kimi ordu sıralarına qatılır. Ağcabədi, Fizuli, Xocavənd uğrunda döyüşlərdə qəhrəman hərbiçi kimi döyüşüb və şəhadətə ucalıb. İndi onun dərs dediyi şagirdlər, eləcə də peşə yoldaşları  Rabil müəllimi xoş xatirələrdə yaşadırlar.

16 saylı orta məktəbin tarix müəllimi Rəşad Məmmədov da Gəncənin şəhid müəllimidir. O da vətənin dar günündə silaha sarılaraq döyüş meydanına atıldı. Torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Rəşad müəllim şəhidliyi ilə tariximizə öz adını qəhrəman müəllimi kimi yazdı. İndi onun da digər həmkar yoldaşları ilə birlikdə cənnətdə ilk peşə bayramı qeyd edilir.

Gəncənin şəhid müəllimləri ilə yanaşı qazi pedaqoqları da var. Onlardan biri də 13 nömrəli orta məkətin fizika müəllimi Tahir Əhmədovdur. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbdə indi müəllim kimi çalışan Tahir müəllim Vətən müharibəsi ilə yanaşı aprel döyüşlərində də ön cəbhədə olub.

Beynəlxalq müəllimlər günündə Gəncənin fəal pedaqoqları da yaddan çıxmayıb. Təhsil idarəsi tərəfindən keçirilən tədbirdə müəllimlərin Qarabağın azadlığı uğrundakı müharibənin şagirdlərə aşılanmasında üzərilərinə düşən vəzifədən danışılıb. Bu ali peşə sahiblərinin dövlət diqqət və qayğısı ilə əhatə edildiyi vurğulanıb. Dövlət başçısının bu gün imzaladığı sərəncamlarla Gəncədən 2 nəfərin "Əməkdar müəllim" fəxri adına, 2 müəllimin isə "Tərəqqi" medalına layiq görüldüyü diqqətə çatdırılıb.

Tədbirin sonunda şəhər üzrə 49 pedaqoqa təhsilin inkişafında göstərdiyi xidmətə görə təşəkkürnamələr təqdim olunub.

 

Elnur Vahidoğlu