Bölgələrdə, xüsusilə də Gəncədə cüdonun inkişaf etdirilməsi prioritet məsələlərdəndir. Hər bir idman növünün inkişafının təməl prinsiplərindən birincisi bəlkə də uyğun bazaların olmasıdır. Çünki əlverişli şərait olmadan nailliyyət qazanmaq çətin olar.
Gəncə cüdo məktəbi ölkə idmanına bir çox tanınmış simalar bəxş edib. Pekin yay olimpiya oyunlarının bürünc medalçısı Mövlud Mirəliyev, Rio Paralimpiya Oyunlarının qalibi Ramil Qasımov Nizami yurdunun ən tanınmış yetirmələridir. Son illər İlkin Babazadə və Turan Bayramov kimi perspektivli kimano ustaları da üzə çıxsa da, şəraitsizlik, klubların olmaması onların Bakıya üz tutmalarına səbəb olub. Hazırkı dövrdə Gəncədə cüdonun inkişafı üçün idman bazasının olmaması, yerli idman məktəbinin yenidən qurulması, İdman Sarayında inşaat işlərinin davam etməsi, Gəncə Olimpiya İdman Kompleksində isə məşq zalların əlverişsiz durumu ölkənin ikinci böyük şəhərində cüdonun inkişafı əngəlləyən səbəblər sırasındadır. Ona görə də zallara ehtiyacı böyükdür. Problemin müəyyən çərçivəsində həlli üçün şəhərin müxtəlif yerlərində daxili imkanlar hesabına yeni zallar istifadəyə verilir.
Son olimpiadada cüdoçularımızın uğursuz çıxışı yeni istedadların kəşf edilməsini, layiqli ehtiyat qüvvənin yetişdirilməsini labüd edir. Bunun üçün isə bölgələrə diqqət daha çox olmalıdır.
Gəncədə cüdo zalının açılışında Cüdo Federasiyanın nümayəndələri də iştirak ediblər. 100-ə yaxın yeniyetmə və gənc idmançıya cüdo geyimləri paylanıb.
- Baxış: 665