• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1634
— 28.09.2021 20:04

Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır

KepezTV Player

Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü, beynəlxalq arenalarda söz sahibi olduğu üçün Ümummilli lider Heydər Əliyevə və onun siyasi kursunu layiqli şəkildə davam etdirən prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.

Hər bir Azərbaycan vətəndaşının qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.

Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olundu. Ulu öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi.

Böyük idarəçilik təcrübəsinə malik ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Bu gün onun siyasi kursunu uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin yüksək idarəçiliyi, qətiyyəti və bacarığı, xalqımızın siyasi iradəsi, Ordumuzun gücü və qüdrəti sayəsində 30 illik işğala son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın Böyük Qələbəsi ilə başa çatdı.

Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Özü də güclü dövlət. 30 illik yolu 44 günə qət edən ordunun mövcudluğu, xalq-iqtidar birliyi, ölkə gənclərinin Prezidenti ətrafında sıx birləşməsi bunu deməyə əsas verir. Tarixi irsə əsaslanan müdriklik, uzaqgörənlik ölkəmizin çoxşaxəli inkişafına öz töhfələrini verməkdədir.

 

Valeh Anaroğlu