• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1405
— 27.09.2021 09:45

Adları gəlcək könlümüz dastana dönür

KepezTV Player

Bu torpağa, xalqa səcdə qılaraq, haqsızlığın üstündən haqqa körpü salan şəhidlərimizi anırıq. Andıqca da hər birinin həyat hekayəsi könlümüzü sızladır. Zülfiyyə Telmanqızının şəhidlərinin ruhuna ehtiramlı hazırladığı videoçarxı izləyək...

27 sentyabr 2020-ci il... Tarix dəyişib, zaman keçəcək, təqvimdə hər ilin bu gününün mahiyyəti dəyişməyəcək. Bəlkə də, illər ötdükcə anlamı daha da artacaq. İstər siyasi, istər mənəvi, istərsə də hərbi... Amma bu dəfə o mahiyyətə anlam yükləyən nə siyasi, nə mənəvi, nə də hərbi tərəfdən danışacayıq. Şəhidlik tərəfindən və şəhidlər tərəfindən baxacayıq mövzuya. 3 minə yaxın igidin toplaşdığı zirvədən. Əslində isə o zirvədən baxmaq nə həddimizə, o zirvəyə baxa bilərik sadəcə. Baxanda da görərik ki, Polladdan böyük bir məbəd Mübariz və İlqarlı  igidlərlə dolub. Həə, bir də, hər birinin göz dolduran həyat hekayəsi var axı. Anasının gözünün ağı-qarası şəhid, nişan üzüyü barmağında, toy taxtına çatmayan şəhid, nə taxtı, nə baxtı olan şəhid, övladının dünyaya gəlişini bilib, amma dünyaya açılan gözlərinə həsrət şəhid, həyat yoldaşının saçlarını vaxtsız ağardan şəhid, dumanlı dağların başında durub, dumandan özünə xeymə quran şəhid və qələbəyə gedən yolda yazılan dastanlara ŞAHİD... Haqq yoluna çıxanda nakamlarını da, kamlarını da bilirdilər əslində. Amma məxsus olduqları xalqın ən böyük kamını gerçəkləşdirmək üçün mücadilə aparmaq eşqi, şəxsi istəklərini üstələdi. Bu gün milyonlar sizi anır, sizdən yazır... Ananlar da, yazanlar da tarixin aid olduqları bucağında qalacaqlar. Siz isə tarixin özü olaraq qalacaqsınız. 27 sentyabr, 4 oktyabr, 17 oktyabr, 20 oktyabr, 25 oktyabr, 8 noyabr və 10 noyabr...Cəmi bir il öncəyə qadər sadəcə təqvimin adi günü olan bu rəqəmlər, indi böyük bir tarixin özüdürlər. İndi o rəqəmlərin sinonimləri də var. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Laçın Kəlbəcər... QARABAĞ... Bəli, illərdir Qarabağ deyə yanan bağrımıza da siz su səpdiniz, qanınızı o torpaqlara səpərək...Qanınız tökülən torpaqlarda baharlarda güllər açacaq... Musa ətirli, Əmrah ətirli, Babək ətirli, Bəhruz ətirli,  Həndi ətirli, Cəbrayıl ətirli və daha 3 minə yaxın fərqli ətirli...İndi şəhid anaları Qarabağın hər qarışını bala ətri ilə dolaşacaqlar. Qarabağın səmasında isə çiçəkli yaz çağında bir avaz ucalacaq. “Deyirlər bülbülə çəmən yaxşıdır, insançün laləzar vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır. Adı gəlcək könlüm dastana döndü...”