• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2292
— 09.09.2021 20:38

Şəhidin xatirəsinə bulaq inşa edilib

KepezTV Player

Yevlaxda dəfn olunan Vətən müharibəsi şəhidinin əziz xatirəsi Gəncədə də əbədiləşdirilib. Mayor Rəşad Budaqovun adına bulağın açılışı olub.

N saylı hərbi hissənin orkestri şanlı dövlət himnimizi səsləndirdikdən sonra mayor Rəşad Budaqovun keçdiyi şərəfli ömür yoluna nəzər salınıb. 1986-cı il mart ayının 13-də Yevlax şəhərində anadan olan Rəşad Budaqov 3 uşaqlı ailənin son beşiyi olub. Uşaqlıqdan hərb sahəsinə həvəsi onu hərbi ali məktəbə gətirib.Tankçı olan Rəşad xidmət etdiyi dövrdə həmişə ön cəbhədə olub və nizam-intizamı, igidliyi və qorxmazlığı ilə döyüşçü yoldaşlarının böyük rəğbətini qazanıb. Aprel döyüşlərində mənfur düşmənə qarşı vuruşan qəhrəman  vətən müharibəsi başlayanda da tankçı yoldaşları ilə döyüşə atılıb. İlk gündə düşmənin xeyli sayda texnikasını, eləcə də canlı qüvvələrini məhv edib. Sentyabırın 28i- Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib, düşmənə sarsıdıcı zərbələr vurub. Ağır gedən bu döyüşdə mühasirədə olan mayor döyüşçü yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub.

Tahir Əhmədov şəhidin döyüşçü yoldaşı: Suqovuşan istiqamətində gedən döyüşlərdə mühasirəyə düşmüşdük. O insan tankın içərisində şəhid oldu. Biz döyüş yoldaşları olaraq onun qəhrəmanlığını heç vaxt unutmayacağıq. Çox gözəl və insani keyfiyyətləri yerində olan bir insan idi. Döyüşçü yoldaşlarına döyüşdə irəliləməyi aşılayırdı. Biz fəxr edirik ki, onunla birlikdə döyüşmüşük və onunla birlikdə çiyin-çiyinə torpaqlarımızı azad etmişik. Bu ehsan bulağının açılması Heydər Əliyev Fondunun təşkilatçılığı nəticəsində və bizim döyüş yoldaşlarının əziyyəti nəticəsində ərsəyə gəlib. Belə bir ehsan bulağının olması qürurvericidir.

Yevlaxda anadan olan və orada yaşıyan mayorun əziz xatirəsinə Gəncədə bulaq inşa edilməsi ailəsi tərəfindən də rəğbətlə qarşılanıb.

Sədaqət Budaqova şəhidin anası:Çox sağ olsunlar ki, onlar mənim balamın adını uca tutdular. Ömürləri uzun olsun. Balamın da yeri cənnət olsun. Balam igid, qoçaq oğlan olub, mən həmişə onunla fəxr etmişəm. Onunla qürur duyuram. Şəhidlərimizin qarşısında bir ana kimi baş əyirəm.

Vüqar Budaqov şəhidin qardaşı:Bu gün həqiqətən də çox qürurlandım. Gəncə şəhərinə gəlmişik və burada Rəşadın şəhid bulağının açılışında iştirak edirik. Rəşadın timsalında Allah bütün şəhidlərin ruhunu şad etsin. Onlar bizim başımızı uca elədilər. Öz qanları, canları, bahasına şəhid oldular. Qanları ilə şanlı tariximizin yazılmasına səbəb oldular. Fəxr edirəm ki, mənim Rəşad kimi qardaşım var. Vətənimizin azadlığı uğrunda öz canını fəda verdi. Bu yolda bütün canını fəda verən şəhidlərin qarşısında baş əyirəm. Bu təşəbbüsü irəli sürən insanlara öz təşəkkürümü bildirirəm.

Daha sonra şəhidin ailə üzvləri və döyüşçü yoldaşları bulağın açılışını ediblər. Vətən oğlunun ruhuna dualar oxunub. Rəşad Budaqov ölümündən sonra rəşadət ordeni, Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Elnur Vahidoğlu