• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2125
— 30.08.2021 12:27

Zəfər yolu və aeroportda işlər yekunlaşır

KepezTV Player

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. 101 kilometrlik yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Yolda körpülər və yeraltı keçidlər inşa edilib. *** Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olan dövlət başçısı və xanımı sentyabrın sonunadək istismara veriləcək sərnişin terminalında olublar. Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Hava Hərəkətini İdarəetmə qülləsinin tikintisi başa çatdırılıb. *** Sonra Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva otaqlar, restoran və konfrans otağında yaradılan şəraitlə tanış olublar, hotelə yaxın olan və işğaldan əvvəlki görkəminə qaytarılan parkı gəziblər. *** Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri ilə tanışlıqdan sonra *** Molla Pənah Vaqifin büstünün açılışı olub. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb. *** Dahi Azərbaycan şairinin muzey-məqbərə kompleksi də təmir-bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Cıdır düzünə yaxın ərazidə şairin məzarı üstündə inşa edilən türbənin daxilində Molla Pənah Vaqifin büstü qoyulub. Heydər Əliyev Fondu tərəfindən aparılan işlər tarixi görkəm qorunub saxlanılmaqla yerinə yetirilib. *** Şuşada Xalq artisti Bülbülün ev-muzeyi də bərpa edilib. Dövlət başçısı və xanımı muzeydəki ekspozisiyası ilə tanış olublar. Ev-muzeyinin həyətində Bülbülün yeni büstü ucaldılıb. Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb. *** Şuşada Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli öz əvvəlki yerində ucaldılıb. *** Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlərlə də tanışlıq olub. Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılan eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. *** Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyan Prezident İlham Əliyevə 5 ulduzlu mərkəzin müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn ediləcəyi barədə məlumat verilib. *** Şuşa şəhərinin baş planı da təqdim olunub. Baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Şuşada yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Prezident İlham Əliyev 1-ci məhəllənin təməlini qoyub.