Bakıda polis əməliyyat keçirib. Bir neçə şirkətə 30 min manatdan artıq ziyan vuran şəxslər tutulub.
Bakı şəhərində tikinti, məişət əşyaları, oyun konsulları, kondisioner və mobil telefonların onlayn yolla satışı ilə məşğul olan şirkətlərin etibarından sui-istifadə edərək onların mümayəndələrini dələduzluq yolu ilə aldadan və ya həmin şəxslərə qarşı soyğunçuluq edən 2 nəfər saxlanılıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində paytaxt sakinləri Rüstəm Tinayev və Turqut Quliyev tutulublar.Qeyd edilən malların onlayn satışını həyata keçirən şirkətlərə bu şəxslər tərəfindən müxtəlif vaxtlarda sifarişlər verilib. Şirkətin nümayəndələri malları Rüstəm Tinayev və Turqut Quliyevin Nizami rayonunda qeyd etdikləri ünvanlara çatdırdıqdan sonra onlar müxtəlif vasitələrlə sifariş verdikləri məhsulları götürərək ödəniş etmədən hadisə yerindən yayınıblar. Bu üsulla onlar son bir neçə ay ərzində 20-yə yaxın şirkətə onlayn sifariş verərək məhsulları ya dələduzluq, ya da soyğunçuluq yolu ilə ələ keçiriblər. Tinayev və Quliyevin ümumilikdə zərərçəkənlərə 30 min manata yaxın maddi ziyan vurduğu müəyyən edilib.
Hər iki şəxs ələ keçirdikləri malları daha sonra dəyər-dəyməzinə müxtəlif məkanlarda satıblar.Rüstəm Tinayev və Turqut Quliyev barəsində 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib.
- Baxış: 967