• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 19.08.2021 20:42

Aşura mərasimi qaydalara uyğun şəkildə keçirilib

KepezTV Player

Bu gün İslam dünyasında Məhərrəm ayının 10-cu günü, yəni Aşura günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq Gəncədə yerləşən İmamzadə Ziyarətgahında mərasim keçirilib.

Hər il olduğu kimi bu il də Aşura mərasimi ilə əlaqədar olaraq Gəncə və ətraf bölgələrin sakinləri Gəncə İmamzadəsinə üz tutublar. Lakin ötən illərdəkindən fərqli olaraq kütləvi qaydada, izdiham formasında  ziyarət təşkil olunmayıb. Mövcud olan pandemiya şəraiti, xüsusi karantin rejiminin tələblərinə əməl etməyi vacib edib.

Kərim Quliyev qazi: Ziyarətimizi etdik, özüm ikinci Qarabağ müharibəsinin qazisiyəm. Şəhidlərimizi ziyarət etdik. Başda Kərbəla şəhidləri olmaqla, Qarabağ müharibəsinin şəhidləri yad olundu. Allah dövlət başçımızı qorusun, millətimizin köməyində olsun.

Məryəm Hüseynova sakin:Allah Gəncəmizi, xalqımızı, Prezidentimizi var eləsin. Xalqımızın ruzisini bol eləsin, nəzir-niyazlarını qəbul eləsin. İşdən gəldim bura, savxozda maşına mindirdilər gəldik.

İlkin Qasımov sakin:Pulsuz maşınlar fəaliyyət göstərir ehsan kimi təklif edirlər.Onlar vasitəsilə bura gəldik. Yolboyu yol polisi də nəzarət etdi ki, problem yaranmasın, zəvvarlar vaxtlı-vaxtında ziyarətini edə bilsinlər.Hər şey yaxşıdı. Azərbaycan həmişə dinə olan tolerantlıq baxımından seçilən olub.Bu gün də göstərilən xidmət bunun bir nümunəsi oldu.

Ziyarətgaha gələn insanlar 5-ci imam Məhəmməd Bağırın nəvəsi Şahzadə İbrahimin qəbrini ziyarət ediblər. Ziyarət zamanı sosial məsafənin qorunmasına xüsusi önəm verilib.

Gəncə şəhərində keçirilən Aşura mərasimləri zamanı kütləviliyin müşahidə olunması ilə əlaqədar olaraq, növbəlilik təşkil olunub.Gəncədə yerləşən İmamzadə ziyarətgahında arxamda gördüyünüz kimi insanlar növbəli şəkildə keçərək öz ziyarətlərini edirlər.

Mərasimin qaydalara uyğun şəkildə keçirilməsi əsas götürülərək İmamzadəyə insanların rahat və təhlükəsiz çatdırılması üçün avtobuslar və yardımçı nəqliyyat vasitələri ayrılıb.

Tahir Abbasov QMİ sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi: Dayanaq şəkildə mərasim keçirilmədi. Sadəcə insanlar şəhidləri ziyarət edər kimi, növbəli şəkildə İmamzadəni ziyarət etdilər. Öz dualarını etdilər. Şəhidlərimiz, dövlətimizin qüdrəti yad edildi. Möhtərəm Prezidentimizə, ailəsinə, ordumuza, xalqımıza, millətimizə dualar edildi. Burada xeyriyyə işləri görüldü, ehsanlar paylanıldı. Şəriətə və pandemiya qaydalarına zidd heç bir hərəkət edilmədi.

Aşura mərasimində zincir vurmaq, qan çıxarmaq kimi hərəkətlərə də rast gəlinməyib. Asayişi qorumaq üçün polis naryadlarının sayının artırılması da vətəndaşların ziyarətini təhlükəsiz şəkildə edə bilmələri üçün şərait yaradıb.

Valeh Anaroğlu